Bakı. Real Cəfərli - APA. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) növbəti aylıq hesabatını dərc edib.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, sənəddə bildirilir ki, bu ilin iyul ayında İranın gündəlik neft hasilatı iyun ayı ilə müqayisədə 8 min barel azalıb: “Hazırda İranın neft hasilatı gündəlik 2 mln. 684 min barel təşkil edir. Bu rəqəm də 2011-ci illə müqayisədə 950 min barel azalma deməkdir. İranın neft ixracı isə 2011-ci ildən bəri 50%-dən çox azalıb”.
Hesabatda deyilir ki, bu ilin iyul ayında Səudiyyə Ərəbistanının neft hasilatı gündəlik 9 mln. 990 min barelə çatıb: “Bu göstərici may ayı ilə müqayisədə gündəlik 400 min barel artım deməkdir. Səudiyyə Ərəbistanının bu ilin aprel ayında neft hasilatı 9,3, may ayında isə 9,6 mln. barel olub. Səudiyyə Ərəbistanı iyun ayı üçün ölkənin neft hasilatının həcmi ilə bağlı rəsmi statistikanı OPEC-ə verməyib. Ancaq bu ölkənin neft hasilatının iyul ayında iyun ayı ilə müqayisədə gündəlik 97 min barel artaraq gündəlik 9,7 mln. barelə çatdığı ehtimal edilir. Səudiyyə Ərəbistanının neft hasilatına artmasına Liviya və İraqın neft hasilatının azalması və İranın neft ixracının azalması səbəb olub. Eyni zamanda Səudiyyə Ərəbistanında ilin isti fəslində elektrik stansiyalarında neft istehlakının həcmi artır”.
Sənəddə qeyd edilir ki, quruma üzv 12 ölkənin neft hasilatının ümumi həcmi bu ilin iyul ayında gündəlik 30 mln. 308 min barel olub. Bu da iyun ayı ilə müqayisə 97 min barel azalma deməkdir. Ancaq bununla belə, hazırkı göstərici də çoxdur. Çünki OPEC 2014-cü ilədək neft hasilatını 29 mln. 700 min barel həcmində saxlamaq istəyir. Lakin bu göstəricidə hazırda 600 min barel artım müşahidə edilib.
Hesabatda vurğulanır ki, həcmi bu ilin iyul ayında İraqın neft hasilatı 51 min barel, Liviyanın neft hasilatı isə 124 min barel azalıb.