Bakı – APA-Economics. Ötən il ərzində Azərbaycanda 184 yaşayış məntəqəsi qazlaşdırılıb, 119 527 yeni əhali abonenti təbii qazla təmin olunub. «APA-Economics»in xəbər verdiyi kimi, BU barədə ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi tərəfindən yayılan məlumatda bildirilir.
Məlumata görə, birliyin fəaliyyəti dövründə (2008-2012-ci illər) qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 408-ə, qazla təchiz olunmuş yeni əhali abonentlərinin sayı 315 524-ə çatdırılıb. Cəbhə bölgələrinə yaxın yaşayış məntəqələri və sərhəd rayonlarının qazlaşdırılmasına xüsusi diqqət yetirilib, Ağdam və Qazax rayonlarının qazlaşdırılması tam başa çatıb.
Bu ilin yanvarın 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 483 769-a (1 465 254 əhali, 18 515 qeyri-əhali abonenti) çatdırılıb. Abunəçilərin 664 921-i Bakı şəhəri (655 035 əhali, 9 886 qeyri-əhali abonenti), 818 848-i isə regionların payına düşüb (810 219 əhali, 8629 qeyri-əhali abonenti). Əhali abonentlərinin mənzillərində 594 mindən çox «smart-kart» tipli sayğac quraşdırılıb.
Bu ilin əvvəlinə «Azəriqaz» tərəfindən 13 qazpaylayıcı stansiya və tənzimləyici məntəqə quraşdırılıb, 39-u əsaslı təmir olunub. Keçən il ərzində Birliyin sifarişi ilə 6 362,7 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib, 2 855,3 km uzunluğunda qaz kəməri əsaslı təmir edilib.