Bakı - APA-Economics. Dekabrın 26-da Qazax rayonunun Daşsalahlı, Yuxarı Salahlı, Kosalar, I Şıxlı və II Şıxlı kəndlərinə təbii qaz verilişi bərpa edilib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bununla da Qazax rayonunun bütövlükdə qazlaşdırılması başa çatıb. Bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İB-nin və Qazax rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak edib.
Bildirilib ki, 2500 abonenti olan Daşsalahlı, 850 abonenti olan Kosalar, 800 abonenti olan Yuxarı Salahlı, 680 abonenti olan I Şıxlı və 800 abonenti olan II Şıxlı kəndlərinin qazlaşdırılması üçün ümumi uzunluğu 279 512 metr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin sayına müvafiq sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.