Göyçay. Elvin Yaqubov - APA. Qazıməmməd-Qazax magistral qaz kəmərində baş verən partlayışın nəticələri aradan qaldırılıb.
APA-nın məlumatına görə, yanvarın 11-də diametri 1020 mm olan Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçay ərazisindən keçən 128-ci kilometrliyində qaz sızma səbəbindən baş verən partlayış zamanı kəmərin parçalanan və zədələnən 35 metrlik hissəsi yenisi ilə əvəz edilib. Üç gün ərzində aparılan təmir-bərpa işlərinə nəzarət edən ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nazim Səmədzadə yaxından nəzarət edib.
Hadisə yerində olan "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, partlayışdan sonra baş verən yanğın söndükdən sonra əraziyə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Dağlıq ərazidən keçən qaz kəmərinin yanına ağır texnikanın və yeni boruların gətirilməsi üçün əvvəlcə yol çəkilib. Bakı, Ağsu, Ağdaş və Göyçaydan 40-a yaxın işçinin daxil olduğu 3 təmir briqadası, 10 ağır texnika çalışıb və kəmərin 35 metrlik hissəsi bərpa edilib. Təmir-bərpa işləri yanvarın 14-də səhər saatlarında başa çatdırılıb. Qaynaq işləri yekunlaşıb və hazırda kəmərin üstü torpaqlanır. Əhalinin və mənzillərdə qaz təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə işləri görülür. Kəmərlə təbii qazın ötürülməsi prosesinə günorta saatlarında start veriləcək. Göyçay şəhərində 1500 abonentə və 6 kəndə təbii qaz verilişi bərpa ediləcək.
Qeyd edək ki, qəza baş verən gün Ağdaş, Qəbələ və Göyçay rayonlarının bəzi yerlərində təbii qaz sarıdan məhdudiyyətlər yaranmışdı. Sonradan alternativ kəmər vasitəsilə Ağdaş və Qəbələyə təbii qaz verilişi bərpa edilib.