Göyçay. Elvin Yaqubov-APA. Qazıməmməd-Qazax magistral qaz kəməri ilə təbii qazın ötürülməsi prosesinə start verilib.
APA-nın məlumatına görə ötən gün axşam saat 20:00 radələrində diametri 1020 mm olan Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçayın Qarabaqqal və Qarayazı kəndləri ərazisindən keçən 127, 127.5, 117.3 və 117-ci kilometrliyində qaz sızması aşkar edilib.
Sızma səbəbdən kəmərdə partlayışın baş verməməsi üçün dərhal boru kəmərinin hər iki tərəfindən kranlar bağlanılıb və təbii qazın ötürülməsi prosesi dayandırılıb. Nəticədə Göyçay, Ağdaş və Qəbələ rayonlarının bir hissəsinə təbii qaz verilişi dayanıb. Sonradan alternativ kəmər vasitəsilə Ağdaş və Qəbələyə təbii qaz verilişi bərpa edilib. Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin mütəxəssisləri baxış keçirib, kəmərdə yaranan nasazlığın aradan qaldırılması üçün gecə saatlarında qaynaq işlərinə başlanılıb. Yanvarın 17-i gecə saat 4-dək işıq projektorları vasitəsilə kəmərdə təmir-bərpa işləri aparılıb, səhər saatlarında abonentlərin təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri görülüb və bu gün saat 11:30 radələrində Göyçay şəhərində qazsız qalan 1500 abonentə və 6 kəndə təbii qaz verilişi bərpa edilib.
Məlumata görə, 1970-ci ildən istismar olunan Qazıməmməd-Qazax magistral qaz kəmərində son bir ildə iki dəfə güclü partlayışın baş verməsi, dəfələrlə qaz sızmalarının qeydə alınması məhz kəmərin torpağın altında korroziyaya uğraması ilə əlaqədardır. Qış aylarında əhalinin təbii qaza olan tələbatı artır və çürümə baş verən bu qaz kəməri ilə ötürülən təbii qazın təzyiqi də artırılır, nəticədə baş verən sızma partlayışa səbəb olur.
Qeyd edək ki, bu il yanvarın 11-də kəmərin 128-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində, ötən il yanvarın 30-da isə kəmərin 118-ci kilometrliyində, Qarayazı kəndi ərazisində qaz sızması səbəbindən partlayış baş verib Hər iki hadisə səbəbindən kəmərin 75 metrlik hissəsi dağılaraq yararsız hala düşmüşdü.