«APA-Economics»in məlumatına görə, bunu deyən ARDNŞ prezidenti bildirib ki, bu yatağın istismarı nəticəsində ölkənin qaza olan tələbatı uzun müddətdə təmin olunacaq: «Hətta «Şahdəniz» yatağını nəzərə almasaq, «Ümid»in sayəsində Azərbaycanın qaza olan tələbatı ən azı 100 il müddətində təmin olunacaq».
Qeyd edək ki, «Ümid» dəniz strukturu Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə Xəzər dənizində yerləşən qaz yatağıdır. Yataq 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib. 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb. 1977-1992-ci illər ərzində burada 9 kəşfiyyat quyusu qazılsa da, bunların heç biri məhsuldar layları üzə çıxarda bilməyib. 2009-cu ilin avqustunda «Ümid»də kəşfiyyat quyusunun qazılmasına başlanıb. Nəticədə, «Ümid» dəniz strukturunda 6500 metrdən artıq dərinlikdə qaz yatağı aşkar edilib. Yatağın ehtiyatları 200 mlrd. kubmetr qaz və 30-40 mln. ton kondensat təşkil edir.
Xatırladaq ki, 2012-ci il sentyabrın 20-də «Ümid» qaz yatağının istismarına başlanılıb. Yataqdakı ilk hasilat quyusundan ölkənin qaz sisteminə bu gündən etibarən gündə 1 mln. kubmetr qaz vurulacaq. Quyunun gündəlik neft məhsuldarlığı 200 ton olub.