Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Rusiyada təbii qaz hasilatı 2011-ci ilə nisbətən 2,3% azalaraq 655,007 mlrd. kubmetr, qazın ixracı isə 3,6% azalaraq 185,845 mlrd. kubmetr təşkil edib.
«APA-Economics»in «RİA-Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin dekabr ayında Rusiyada qaz ixracı 13% artaraq 19,748 mlrd. kubmetr, hasilat isə 4,1% artaraq 65,761 mlrd. kubmetr təşkil edib.
Rusiyanın əsas qaz istehsalçısı olan «Qazprom» ASC 2012-ci ildə qaz hasilatını 5,4% azaldaraq 478,767 mlrd. kubmetrə çatdırıb. Dekabr ayında isə şirkət 49,108 mlrd. kubmetr qaz hasil edib (+2,9%).
Öz növbəsində NOVATEK şirkəti ötən il ərzində qaz hasilatını 5,9% artıraraq 51,034 mlrd. kubmetrə, Rusiyada fəaliyyət göstərən neft şirkətləri isə məcmu qaz hasilatını 5,7% artıraraq 67,571 mlrd. kubmetrə çatdırıb.
Bununla yanaşı, Rusiyada qazın daxili tələbatı 2% azalaraq 459,754 mlrd. kubmetr, dekabrda isə 0,4% artaraq 55,481 mlrd. kubmetr təşkil edib.
Qeyd edək ki, 2011-ci ildə Rusiyada qaz hasilatı 2010-cu ilə nisbətən 3,1% artaraq 670,544 mlrd. kubmetr, mavi yanacağın ixracı isə 7% artaraq 196,862 mlrd. kubmetr təşkil edib.