Bakı – APA-Economics. Yanvarın 30-da Sabirabad rayonunun Mürsəlli və Şıxlar, Saatlı rayonunun Qıraqlı kəndlərinə təbii qazın verilməsi münasibəti ilə mərasimlər keçirilib.
«APA-Economics»in Dövlət Neft Şirkətinə istinadən məlumatına görə, Sabirabad rayonunun Mürsəlli və Şıxlar kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibəti ilə keçirilmiş tədbirdə bildirilib ki, 349 abonenti olan Mürsəlli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 41 128 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 349 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bununla yanaşı, 152 abonenti olan Şıxlar kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 16 390 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 152 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Saatlı rayonunun Qıraqlı kəndində keçirilmiş mərasimdə deyilib ki, 820 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üzrə aparılmış tikinti-quraşdırma işləri qısa müddətdə həyata keçirilib, bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunluğu 67 100 metr olan qaz xətləri çəkilib, 820 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.