Konsorsiumdan “APA-Economics”ə verilən məlumata görə, dəyərləndirmənin mahiyyəti təklif olunan kəmərin potensial ətraf mühit, mədəni irs və sosial-iqtisadi təsirlərini qiymətləndirmək və optimallaşdırmaq, habelə neqativ təsirləri minimuma endirmək və müsbət təsirləri artırmaq məqsədilə tədbirlərin həyata keçirilməsinə istiqamət verməkdir.
Sənəd Yunanıstanda təklif olunan kəmərin ətraflı təsvirini, tikinti zamanı ortaya çıxan daimi və müvəqqəti infrastrukturu (giriş yolları və tikinti düşərgələri) barədə məlumatı özündə birləşdirir. Dəyərləndirmə yunan və beynəlxalq ekspertlər tərəfindən Yunanıstan qanunlarına və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən əsası qoyulan beynəlxalq standart praktikasına uyğun şəkildə hazırlanıb. Bu standartlar TAP tərəfindən layihənin potensial təsirini optimallaşdırmaq məqsədilə qəbul olunub.
Yekun Dəyərləndirmənin təqdim olunması Yunanıstan hökuməti ilə birgə əməyin kulminasiyasıdır. 2013-cü ilin iyul ayında Enerji, Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi TAP-ın dəyərləndirməsinin tamlığını nəzərdə tutaraq rəsmi dövlət açıqlamasına start verilməsi üçün səlahiyyət verib. Sənədin qəbulundan sonra Yunanıstanın hökumət dairələri TAP-a tikinti işlərini başlamaq üçün zəruri olan Ətraf Mühitlə Bağlı Şərtlərin Təsdiqlənməsi ilə bağlı qərar verəcək.
Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.
TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.
Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.