"Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri apellyasiya şikayəti veriblər

"Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri apellyasiya şikayəti veriblər
# 17 avqust 2017 08:54 (UTC +04:00)

"Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

APA-nın məlumatına görə, şikayət məhkəməyə təqdim edilib. Yaxın vaxtlarda şikayətə baxılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilənlər Mirnemət Miradıyevin və Səbinə Əliyevanın barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Məlum olub ki, təqsirləndirilən şəxslər 19 milyon manatdan 10 milyon 500 min manatı ödəyiblər.

İttihama görə, “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən, Vergilər Nazirliyində başlanmış cinayət işinə görə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələri sübuta yetirilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR