Gürcüstan parlamentinin sədri: "Milli azlıqların nümayəndələri dövlət dilini öyrənməli və istifadə etməlidirlər"

Gürcüstan parlamentinin sədri: "Milli azlıqların nümayəndələri dövlət dilini öyrənməli və istifadə etməlidirlər"
# 10 sentyabr 2015 12:36 (UTC +04:00)

Bunu APA-nın Gürcüstan müxbirinə Gürcüstan parlamentinin sədri David Usupaşvili deyib.

O qeyd edib ki, Gürcüstanda yaşayan milli azlıqlar, o cümlədən azərbaycanlılar ölkənin tamhüquqlu vətəndaşlarıdır. “Mən hansısa ölkəyə gedib ailəmlə birgə orada yaşasam, iki məqsədim olacaq: öz dilimi saxlamaq və yerli cəmiyyətin danışdığı dili öyrənmək. Ona görə də dövlət paralel olaraq iki dilin qaydalarını öyrənməyi təmin etməlidir. Buna görə də milli azlıqların nümayəndələri həm öz dilini, həm də dövlət dilini öyrənməli və istifadə etməlidirlər. Bu istiqamətdə Gürcüstan hökuməti və parlamenti bir çox işlər görür. Biz artıq "Dövlət dili haqqında qanun" qəbul etmişik. Bu qanunda Gürcüstanda yaşayan milli azlıqların dövlət dilini öyrənməsi üçün konkret tədbirlər nəzərdə tutulub”.

Parlament sədri bildirib ki, tam inteqrasiya olunmuş vətəndaş cəmiyyətinin yaradılması dövlət dilinin öyrənilməsi prosesindən asılıdır.

D. Usupaşvili dövlət dilinin öyrənilməsi prosesində olan problemlərdən də söhbət açıb: "Bu sahədə problemlər var, onları həll etmək lazımdır. Lakin bu problemləri 1-2 il müddətində həll etmək mümkün deyil. Çünki bunun ilkin tarixi səbəbləri olub. Əvvəllər biz Sovet İttifaqı adlanan böyük ölkədə yaşayırdıq və orada fərqli qanunlar, xalqlar arasında müxtəlif danışıq dilləri var idi. Biz müstəqillik əldə etdik və indi dilin öyrənilməsinə zaman tələb olunur. Arzu edərdim ki, dövlət dilinin öyrənilməsi daha da sürətlənsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR