Ketrin Eşton İrana qarşı yeni sanksiyalar tətbiq edilməsinin əleyhinədir

Ketrin Eşton İrana qarşı yeni sanksiyalar tətbiq edilməsinin əleyhinədir
# 01 oktyabr 2013 07:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında iki həftə sonra Cenevrə şəhərində keçirilməsi planlaşdırılan nüvə müzakirələrinin ən müsbət atmosferdə aparılmasını istəyirəm”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton ABŞ-da Vudro Vilson Düşüncə Mərkəzində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iki gün ərzində heç bir irəliləyiş olmaya bilər: “Ancaq hansısa bir irəliləyişin olması da mümkündür”.

K.Eşton deyib ki, təzyiqlər insanları danışıqlara vadar etmək üçün səbəb ola bilər: “Ancaq bu gün Cenevrədə dinc şəraitdə danışıqlar aparmağa imkan var və bizlər İranın keçmiş nümayəndə heyətinə təqdim etdiyimiz təklifləri nəzərdən keçirə bilərik. Mənə siyasi səviyyədə müzakirələr aparmaq üçün tam səlahiyyət verilib. Ancaq zəruri hallarda şərait yaranacağı təqdirdə, xarici işlər nazirləri səviyyəsində də bir araya gəlmək olar”.

AB rəsmisi İranın nüvə məsələsinin həll edilməsi üçün sonuncu dəfə 12 aylıq iş qrafikinin müəyyənləşdirildiyini vurğulayıb: “Hər halda, nüvə obyektlərinin yerinin dəyişdirilməsi və ya sökülməsi üçün ilkin işə ehtiyac var. Bu da vaxt tələb edir”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri oktyabrın 15-16-da Cenevrədə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR