Strasburqda Azərbaycanda dini icmaların birgə dinc yaşamasına dair tədbirlər keçiriləcək

Strasburqda Azərbaycanda dini icmaların birgə dinc yaşamasına dair tədbirlər keçiriləcək
# 02 sentyabr 2015 17:10 (UTC +04:00)

APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycandan bu tədbirlərə Dini Qurumlarla iş üzrə Dövlət Komitənin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Beynəlxalq məsələlər üzrə şöbə müdiri Nicat Məmmədli dəvət olunublar. Bundan əlavə, “Valiske” yəhudi cəmiyyətinin sədri xanım Regine Vaksman, Yahudi-Elzas Müzeyinin Dostları cəmiyyətinin sədri Jilber Vell, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və səfirliyin katibi Həbib Hacıyev də bu tədbirlərdə iştirak edəcəklər.

Sentyabrın 6-da Strasburq yaxınlığında yerləşən Buksviller şəhərində Yahudi-Alzas Muzeyi kimi fəaliyyət göstərən qədim yəhudi sinaqoqunda “İpək Yolunun tematik lüğəti” adlı kitabın müəllifi Regis Bello ilə görüş keçiriləcək, Böyük ipək yolu, Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə mənsub xalqların yaranması, onların birgə yaşaması tarixinə toxunulacaq. Daha sonra, eyni gündə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun başçılığı altında “Qubada dostluq körpüsü – Azərbaycanda birgə dinc şəkildə yaşamaq tərzi” adlı konfrans keçiriləcək. Bundan başqa, Avropa Yahudi Mədəniyyəti Gününün açılışı da baş tutacaq. Yəhudi icması üçün bu əlamətdar tədbirin açılışı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlıya həvalə olunub.

Sentyabrın 7-də isə Strasburqun Odissey kinoteatrında “Şalom Baku” adlı filmin nümayişi və filmin rejissoru xanım Müryel Levi ilə görüş təşkil olunacaq. Daha sonra dini icmaların nümayəndələri və tədbir iştirakçıları arasında Azərbaycanda təməli başqalarına hörmətlə yanaşma üzərində qurulmuş dini icmaların birgə dinc şəraitdə yaşaması modelinə dair fikir mübadiləsi aparılacaq. Strasburqdan sonra Azərbaycandan gəlmiş qonaqların Parisdə də təşkil olunmuş bir sıra tədbirlərdə iştirakı gözlənilir.

Strasburqda keçiriləcək tədbirlər haqqında yerli DNA qəzetinə verdiyi açıqlamasında “Valiske” yəhudi cəmiyyətinin sədri xanım Regin Vaksman Azərbaycanda müxtəlif dinlərin birgə dinc yaşamaları tarixindən heyrətə gəldiyini bildirib. “Bizim üçün tanış olmayan bu qeyri-adı multikulturalizm modelinı daha yaxşı tanımağımız üçün biz ölkənin bir çox dini və mədəni icmalarını Elzas regionuna dəvət etmək qərarına gəldik. Azərbaycandan gələcək nümayəndə heyətinin istəyi yalnız Fransaya səfər etmək deyil, eyni zamanda müxtəlif mədəniyyətlərin qarşılıqlı hörmət və sülh üzərində qurulmuş birgə yaşaması modelini tanıtdırmaqdır”.

“Valiske” təşkilatının baş direktoru Andre Kosmiçki isə öz növbəsində belə bir təşəbbüsün bu yaxınlarda Fransada yaşayan bir qrup yəhudi nümayəndə heyətinin Azərbaycana etdikləri səfərdən sonra meydana gəldiyini bildirdi. “Qafqaz dağları arasında yaşayan və əsrlər boyu öz yəhudi dinini, yəhudi-fars mədəniyyətini qoruyub saxlaya bilmiş kiçik bir yəhudi icmasının varlığı şəxsən mənim üçün olduqca maraqlı gəldi. Bizim üçün bu səfərin təşkili çox mühüm bir hadisədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR