“Amerikanın Səsi” ABŞ-nin cinayətlərini “bəşəriyyətə xidmət” kimi təqdim edir

“Amerikanın Səsi” ABŞ-nin cinayətlərini “bəşəriyyətə xidmət” kimi təqdim edir
# 26 fevral 2024 14:15 (UTC +04:00)

Britaniya Ali Məhkəməsinin fevralın 21-də keçirdiyi dinləmələr beynəlxalq medianın trendinə çevrilib. "WikiLeaks"-ın qurucusu Culian Assanjın ABŞ-yə ekstradisiyasını ehtiva edən məhkəmə prosesi həssaslıqla izlənilib.

Transmilli media bu faktı təkcə aktual xəbər kimi tirajlamayıb. Mövzunu həm də media azadlığına qarşı qlobal təhdidlər kontekstində dəyərləndirərək pisləyib ( https://www.theguardian.com/commentisfree/2024/feb/20/the-us-justice-department-must-drop-spy-charges-against-julian-assange ).

ABŞ-nin baş prokuroru Merrik Qarland iddia edir ki, "WikiLeaks"-ın qurucusu Amerika ordusuna məxsus hərbi sirri yaymaqla qanunları pozub. Əlavə olaraq, bu əməlini cinayətkar üsullarla, yəni, haker hücumları ilə reallaşdırıb. Tələb budur ki, Assanj ABŞ-yə ekstradisiya edilsin. Amerika qanunları əsasında cinayətkar kimi mühakimə olunsun və sərt formada cəzalandırılsın. Əgər Merrik Qarlandın istəkləri reallaşdırılarsa, “Culian Assanjı ABŞ-də 175 illik həbs cəzası gözləyir” ( https://www.france24.com/en/live-news/20240221-lawyers-for-us-urge-uk-court-to-reject-assange-appeal-bid ).

Media ictimaiyyəti isə fərqli fikirdədir. Beynəlxalq jurnalist təşkilatları proses üzrə ümumi bəyanat yayaraq qeyd edirlər ki, Culian Accanj hərbi sirləri deyil, ABŞ-nin hərbi cinayətləri haqqında məxvi məlumatları əldə edərək ictimailəşdirib. İraqda, Əfqanıstanda törədilmiş insanlıq dramını ifşa edib. Onlar düşünürlər ki, “Asanjın bu məlumatları necə əldə etməsi deyil, ABŞ ordusunun törətdiyi hərbi cinayətlər mühakimə edilməlidir”. Eyham vurulur ki, ABŞ-nin “WikiLeaks” qurucusunu sərt şəkildə cəzalandırmaq isterikası onun ictimailəşdirdiyi “hərbi sirrlərdən” daha çox, ictimailəşdirməyə macal tapmadığı sirrlərlə bağlıdır. “Assanj cəzalandırılıb susdurulmazsa, ABŞ-nin indiyədək bilinməyən daha çox cinayətlərini üzə çıxara və şok effekti yarada bilər”

Hakim Viktoriya Şarp və Ceremi Consonun idarəçiliyi ilə fevralın 21-də başladılan proses davam etdirilir. Yekun qərar qarşıdakı 14 gün ərzində elan olunacaq. Jurnalist təşkilatları bu vaxtı fürsət kimi dəyərləndirirlər. Assanjın müdafiəsi üçün qlobal kampaniyalar keçirirlər. Avropa Jurnalistlər Federasiyası (EFJ) beynəlxalq media ictimaiyyətinə müraciət edərək, ABŞ-nin ekstradisiya tələbini pisləməyə çağırıb. Britaniya məhkəməsini ədalətli hökm verməyə, Assanjın timsalında media azadlığını müdafiə edən qərar çıxarmağa səsləyib. EFJ-nin müraciəti ciddi rezonans doğurub. Dünyanın ayrı-ayrı ölkələri üzrə 200-ə yaxın təşkilat kampaniyaya qoşulub ( https://europeanjournalists.org/blog/2024/02/14/uk-assange-prosecution-threatens-press-freedom/ ).

Culian Assanjın müdafiə kampaniyası müxtəlif formatlarda keçirilir. Jurnalist təşkilatları bəyanatlar yayırlar, etiraz aksiyaları təşkil edirlər. Britaniya məhkəməsinin ədalətli qərar çıxarmasına nail olmaq istəyirlər. Media subyektləri isə jurnalist təşkilatlarının bu kampaniyasına informasiya dəstəyi verirlər. İnternet axtarış sistemlərindən görünür ki, transmilli media qurumları bir həftə ərzində Assanjın müdafiəsini ehtiva edən 108 məqalə yayımlayıblar.

Bir o qədər media subyekti də məhkəmə prosesi barədə adi məlumatlar tirajlayıblar. Bu, yaxın tarixdə ABŞ-nin media siyasətinə etiraz olaraq keçirilən ən böyük etiraz kampaniyasıdır.

Ən azı 200 jurnalist təşkilatını, 108 media subyektini əhatə edən kampaniyanın gedişində ABŞ-nin media siyasəti ən müxtəlif kontekstlərdən araşdırılır. Culian Assanjın ekstradisiya tələbi fonunda ABŞ-nin ifadə azadlığına yanaşmasının mahiyyəti açılır. Aydın olur ki, ABŞ-nin söz və ifadə azadlığına yanaşması problemlidir. Daha dəqiq desək, bu siyasət saxtakarlıq elementləri ilə zəngindir. Ümumi rəy budur ki, ABŞ “WikiLeaks” qurucusunun ekstradisiyasına nail olub sərt şəkildə cəzalandırmaqla, özü tərəfindən törədilmiş bəşəri cinayətlərin araşdırılmasını əngəlləyir. Əlavə olaraq, media, söz və ifadə azadlığına ağır zərbə vurur. Jurnalistikanın imkanlarını məhdudlaşdırmaq yönündə qlobal tendensiya yaradır: “Culian Assanj hər bir jurnalistin gündüyü işi edib. Vəzifəsini yerinə yetirib, gizlədilən informasiyaları əldə edərək yayıb. Məsələn, ABŞ əsgərlərinin heç bir sənəd-sübut, mühakimə olmadan, əsassız şübhə üzrə 12 nəfər mülki insanı güllələyib öldürmələrinə dair vidogörüntünü əldə edərək yayıb. Bu, casusluq deyil. ABŞ silahlı qüvvələrinin müharibə cinayətlərini, vəhşiliklərini ifadə edən sübutlardır. ABŞ isə öz hərbçilərini deyil, Assanjı ittiham edir. Assanjın hədəf alınıb cəzalandırılması ABŞ tərəfindən jurnalist peşəsinə basqıdır”- deyə, bəyanatlarda qeyd edilir.

Beynəlxalq təşkilatlar vurğulayırlar ki, ABŞ jurnalistləri casus və cinayətkar adlandırmaqla yanlış tendensiyaların əsasını qoyur: “Bu, ABŞ-də yeni hadisə deyil. Xarici Agentlərin Qeydiyyatı Aktının ilk nümunəsi ABŞ-də yaranıb. Bu Akt jurnalist fəaliyyətini də əhatə edir. Jurnalistləri hansısa əməllərinə görə xarici agent adlandırmaqla dünyaya pis nümunə verilib. İndi buna bənzər qanunlar dünyanın başqa ölkələrində də qəbul edilir. 2001-ci ildən etibarən ABŞ daha neqativ bir tenednsiyanın əsasını qoyub. Anti-terror və təhlükəsizlik tədbirlərini bəhanə edərək çoxsaylı sənədlər qəbul edib. Bu sənədlər medianın sərbəst fəaliyyətini məhdudlaşdırıb. ABŞ tərəfindən gerçəkləşdirilən antiterror tədbirləri zamanı insan haqlarının pozulmasını ehtiva edən xəbərlərin yayılmasını yasaqlayıb. Beləliklə, dünyaya daha pis örnək verilib. İndi də Assanjı sərt şəkildə cəzalandırmaqla, daha bir neqativ tendensiyaya yol açır”.

Paradoksaldır. ABŞ bir tərəfdən söz və ifadə azadlığının inkişaf etdirilməsi üçün USAİD və digər fondlar vasitəsilə milyonlarla dollar məbləğində qrant vəsaitləri ayırır. Mətbuat azadlığını demokratiyanın təməl prinsipi adlandırır. Digər tərəfdən isə söz və ifadə azadlığını, media fəaliyyətini məhdudlaşdıran addımlar atır. Bu kontekstdə neqativ yüklü qlobal tendensiyalar formalaşdırır. Beynəlxalq jurnalist təşkilatlarının Assanjı müdafiə kampaniyası fonunda açıqladıqları faktlardan belə nəticə çıxır ki, ABŞ media, söz və ifadə azadlığını dəstəkləmək adı altında özünün cinayətkar əməllərinə göz yuman, əksinə, rəqib dövlətlərdə xırda problemləri qabardıb kontekstdən çıxaran şəbəkə yetişdirir. Yəni, saxtakarlıq edir, beynəlxalq ictimai rəyi çaşdırır və özünün maraqlarını həyata keçirir.

Belə paradoksal yanaşma ABŞ-nin dövlət orqanları tərəfindən təsis edilmiş media subyektlərinin fəaliyyətində daha çılpaq şəkildə görünür. Məsələn, “Amerikanın səsi” Radiosu (VOA) Culian Assanjın müdafiəsinə yönəlik kampaniyaya dəstək verməyib. Onun adı kampaniyaya informativ dəstək verən media qurumlarının siyahısında da yoxdur. VOA bu kontekstdə yalnız quru informasiya yaymaqla kifayətlənib. Ən pisi odur ki, mövzu üzrə hazırladığı xəbərlərdə Assanja deyil, onu ekstradisiya etmək istəyən ABŞ hüquq mühafizə orqanlarına haqq qazandırıb.

VOA mövzu üzrə yaydığı məqalədə ABŞ hökumətinin vəkili Klair Dobbinə istinadən qeyd edib ki, Asanjer jurnalist deyil, sadəcə məlumat yayıcısıdır. Özü də qanunsuz işçi çalışdırıb. "Dəlillər göstərir ki, WikiLeaks fəaliyyətə başladığı vaxtdan məxfi məlumatlara çıxış imkanı olan hakerləri işə cəlb edib. Hərbi sirrləri əldə edərək yayıb. Bu, jurnalistika deyil, siyasi işdir və cinayıtkarlıqdır"-deyə, VOA-nın məqaləsində qeyd edilir. ( https://www.voanews.com/a/us-lawyers-say-assange-wanted-for-indiscriminately-publishing-sources-names/7496499.html

“Amerikanın səsi”nin Assanjer mövzusunda jurnalisti deyil, ABŞ dövlətini müdafiə etməsi onun nizamnaməsində əks olunmuş prinsiplərlə ziddiyyət təşkil edir. Daha doğrusu, Assanjer mövzusunda “Amerikanın səsi” redaksiyasının Nizamnamə tələbi ilə ABŞ-ın siyasi maraqları üz-üzə gəlir. Redaksiya isə öz Nizamnaməsinin tələblərindən deyil, ABŞ-nin maraqlarından çıxış edir.

Redaksiyanın Nizamnaməsində qeyd edilir ki, “Amerikanın Səsi” bütün dünyada mətbuat azadlığına sadiqdir: “Məkandan asılı olmayaraq, VOA jurnalist fəaliyyətinin, söz və ifadə azadlığının məhdudlaşdırılmasına qarşı çıxır. Təhdidlərlə üzləşən jurnalistlərə tribuna verir... Bu səhifə onların hekayələrini danışmağa çalışır.... 1942-ci ildə yarandığı gündən “Amerikanın Səsi” tamaşaçılara həqiqəti çatdırmaq öhdəliyi götürüb.” ( https://www.insidevoa.com/p/5831.html ).

Amma Culian Assanjın məhkəmə prosesi mövzusunda yazılmış məqalə göstərir ki, VOA bütün bu prinsiplər pozur. Çünki, ABŞ-ın maraqları belə tələb edib.

“Amerikanın Səsi” ABŞ Konqresi tərəfindən təsis edilib. ABŞ Qlobal Media Agentliyinin (USAGM) vasitəsilə maliyyələşdirilir. Missiyası hədəf ölkələrdə ABŞ-nin xarici siyasət kursunu təşviq etməkdir. VOA müstəqil media qurumu deyil. ABŞ maliyyəsindən və siyasətindən asılıdır. Hansısa ölkəni qınağa çevirmək və ya tərifləyib hörmətə mindirmək lazımdırsa, VOA-ya sifariş verilir. O da bu işi can-başla icra edir. Əgər siyasi kursdan kənar çıxmaq yönündə ən elementar təşəbbüs göstərsə, ciddi şəkildə cəzalandırılar. Bu səbəbdən mərkəzdənqaçma istiqamətində heç vaxt təşəbbüs göstərməyib. Amma özünü müstəqil media qurumu kimi təqdim edir. Yalançı şüarlar uyduraraq, mahiyyətini gizlədir. Obyektiv, qərəzsiz görünməyə, etimad qazanmağa çalışır.

Şüarlarından biri də, demokratik inkişafa töhvə vermək, söz və ifadə azadlığını müdafiə etməkdir. VOA çox az sayda media subyektlərindəndir ki, öz saytında “Mətbuat azadlığı” üzrə xüsusi kateqoriya yaradıb. Bu kateqoriyada bütün dövlətlərə yer ayırıb.

Yaponiyadan başlamış Cənubi Afrika Respublikasına qədər dünyanın hansı bucağnda media ilə bağlı kiçik insident yaşanırsa, VOA ona yer ayırır. Prosesi təqib edir. Zərurət yarananda bir insident üzrə hətta 5-10 məqlə hazırlayır. Məsələn, redaksiyanın saytında “Azərbaycanda jurnalistika” mövzusunda axtarış versəniz, 218 məqalə görərsiniz. Hamısı da neqativ yüklüdür.

Təkcə “Abzas Media” nümunəsi üzrə son 2 ay ərzində 8 məqalə hazırlayıblar. Bu məqalələrin hər birində “Abzas Media” hadisəsini ABŞ Konqresmenlərinin mövqeyindən şərh ediblər.

Müqayisə üçün deyək ki, VOA saytında Ermənistan jurnalistikası üzrə cəmi 94 məqalə görünür. Onların da əksəriyyəti pozitiv fondadır. Məsələn, Məqalələrdən biri “Qarabağdan köç etmiş 100 min erməni və onların arasında olan erməni jurnalistlər”dən bəhs edir

Səbəb bəllidir. ABŞ Ermənistan demokratik ölkə kimi göstərmək istəyir. VOA da öz üzərinə düşən vəzifəni icra edir. Ermənistan mediasındakı neqativləri “Azərbaycanın təzyiqləri” ilə əlaqələndirməyə çalışır.

ABŞ Konqresinin təsis etdiyi bir media subyektinin bu ölkənin maraqlarından çıxış etməsində problem yoxdur. Bənzər praktika bütün ölkələrdə mövcuddur. Dövlətin tətsis etdiyi media qurumu o ölkənin siyasətini təşviq edir. Problem riyakarlıqdadır. Adını müstəqil media subyekti qoyub, tendensiyalı davranmaqdadır. VOA da bu cür hərəkət edir.

Müşfiq Ələsgərli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR