Bank Of Baku

Politoloq: Vaşinqton zirvəsi Azərbaycanın hərbi qələbəsini siyasi-diplomatik müstəvidə tamamladı

Politoloq: Vaşinqton zirvəsi Azərbaycanın hərbi qələbəsini siyasi-diplomatik müstəvidə tamamladı
# 09 avqust 2026 13:58 (UTC +04:00)

2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan nəticələri yalnız Azərbaycan-Ermənistan sülh prosesi kontekstində deyil, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərində baş verən strateji transformasiya və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda qiymətləndirmək lazımdır.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Vaşinqton görüşünə aparan prosesdə həm regionda 2020-ci ildən sonra yaranmış yeni reallıqlar, həm də ABŞ-da administrasiya dəyişikliyindən sonra Cənubi Qafqaza yanaşmanın yenidən nəzərdən keçirilməsi mühüm rol oynayıb.

“Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərində kifayət qədər mürəkkəb mərhələnin şahidi olduq. Vaşinqtonun regionla bağlı siyasətində Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığı yeni reallıqların lazımi səviyyədə nəzərə alınmaması, müəyyən hallarda birtərəfli yanaşmaların nümayiş etdirilməsi ikitərəfli münasibətlərə mənfi təsir göstərirdi. Azərbaycanın regiondakı siyasi, iqtisadi, enerji və nəqliyyat çəkisinin adekvat qiymətləndirilməməsi ABŞ-ın özünün Cənubi Qafqaz siyasətinin effektivliyini də məhdudlaşdırırdı”, - politoloq bildirib.

Zaur Məmmədovun fikrincə, Donald Trampın hakimiyyətə qayıdışından sonra ABŞ-ın regiona münasibətində daha praqmatik yanaşmanın formalaşması müşahidə olunmağa başlayıb.

“Tramp administrasiyasının yanaşmasında əsas fərqlərdən biri regiondakı reallıqlardan çıxış etmək, dövlətlərin suveren maraqlarını nəzərə almaq və iqtisadi əməkdaşlıqla sülh prosesini bir-birindən ayırmamaqdır. Azərbaycan da məhz bu yanaşmada ABŞ üçün mühüm regional tərəfdaş kimi çıxış edir. Azərbaycanın enerji təhlükəsizliyindəki rolu, Orta Dəhlizdə tutduğu mövqe, Mərkəzi Asiya ilə Avropa arasında bağlantı imkanları və Cənubi Qafqazdakı siyasi çəkisi Vaşinqton tərəfindən daha realist şəkildə qiymətləndirilməyə başlayıb”, - o qeyd edib.

İlham Əliyev-Tramp dialoqu yeni siyasi dinamikanın formalaşmasına təsir göstərib

Politoloq hesab edir ki, Prezident İlham Əliyevlə Donald Tramp arasında formalaşmış siyasi dialoq da ikitərəfli münasibətlərdə yeni dinamikanın yaranmasına təsir edən amillərdən biridir.

Onun sözlərinə görə, Donald Trampın prezident seçilməsindən əvvəl tərəflər arasında mövcud olan təmaslar və məktublaşmalar qarşılıqlı siyasi etimadın formalaşmasına zəmin yaradıb.

“Burada liderlər səviyyəsində münasibətlərin əhəmiyyətini nəzərə almaq lazımdır. Prezident İlham Əliyev uzun illər ərzində ABŞ-la münasibətlərdə Azərbaycanın milli maraqlarına əsaslanan ardıcıl və praqmatik siyasət yürüdüb. Donald Trampın yanaşmasında isə Azərbaycanı köhnə stereotiplər və münaqişə prizmasından deyil, müstəqil regional aktor kimi qəbul etmək meyli daha aydın görünür. Bu iki yanaşmanın üst-üstə düşməsi münasibətlərdə yeni imkanlar yaratdı”, - Zaur Məmmədov bildirib.

Onun fikrincə, Prezident İlham Əliyevin 2025-ci il 8-9 avqust tarixlərində ABŞ-a səfəri bu prosesin dönüş nöqtəsi olub.

“Bu səfəri sıradan diplomatik səfər kimi qiymətləndirmək doğru olmazdı. Burada eyni vaxtda iki strateji proses baş verdi. Bir tərəfdən Azərbaycan-Ermənistan sülh gündəliyi üzrə tarixi nəticələr əldə olundu, digər tərəfdən isə ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçirilməsi üçün institusional baza yaradıldı. Bu mənada regional sülh prosesi ilə ABŞ-Azərbaycan münasibətlərinin transformasiyası bir-birini tamamlayan proseslərdir”, - politoloq vurğulayıb.

Strateji tərəfdaşlıq və “907-ci düzəliş”

Zaur Məmmədov bildirib ki, Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması istiqamətində əldə olunan razılaşmanı ikitərəfli münasibətlərin gələcək arxitekturası baxımından mühüm addım hesab etmək lazımdır.

Onun fikrincə, strateji tərəfdaşlıq formatı münasibətlərin yalnız enerji və təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını, daha geniş siyasi, iqtisadi, nəqliyyat və texnoloji gündəliyə keçdiyini göstərir.

“Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq müstəvisinə keçirilməsi iki ölkə arasında əməkdaşlığın mahiyyətinin dəyişməsi deməkdir. Azərbaycan artıq Vaşinqton üçün yalnız enerji layihələrində iştirak edən ölkə deyil. Söhbət Cənubi Qafqazın təhlükəsizliyi, Orta Dəhliz, Mərkəzi Asiyaya çıxış, enerji, investisiyalar və regional iqtisadi inteqrasiya baxımından mühüm tərəfdaşdan gedir”, - o bildirib.

Vaşinqton Bəyannaməsi: Azərbaycan və onun liderinin sülh strategiyasının nəticəsi - TƏHLİL

Politoloq “907-ci düzəliş”in tətbiqinin dayandırılması məsələsinin də siyasi və simvolik əhəmiyyət daşıdığını vurğulayıb.

“Uzun illər Azərbaycan cəmiyyətində 907-ci düzəliş ABŞ siyasətində Azərbaycana münasibətdə ədalətsiz yanaşmanın simvollarından biri kimi qəbul olunub. Bu məhdudiyyətin aradan qaldırılması istiqamətində atılan addımlar köhnə yanaşmalardan uzaqlaşmanın və münasibətlərin yeni siyasi əsaslar üzərində qurulmasının göstəricisi kimi qiymətləndirilə bilər”, - Zaur Məmmədov qeyd edib.

O əlavə edib ki, Vaşinqton görüşündən sonra dövlət başçıları səviyyəsində davam edən təmaslar, məktublaşmalar və yüksək səviyyəli qarşılıqlı səfərlər əldə olunmuş siyasi dinamikanın davamlı xarakter aldığını göstərir.

Politoloqun fikrincə, ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri və strateji tərəfdaşlıq istiqamətində əldə edilən nəticələr də münasibətlərin artıq institusional mərhələyə keçdiyini göstərən amillər sırasında qiymətləndirilməlidir.

“Azərbaycan sülh gündəliyinin müəllifidir”

Zaur Məmmədov hesab edir ki, Vaşinqton görüşünün digər mühüm tərəfi Azərbaycanın 2020-ci ildən sonra irəli sürdüyü sülh strategiyasının nəticələrinin beynəlxalq səviyyədə təsbit olunmasıdır.

“Azərbaycan İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü bərpa etdikdən sonra qarşısına Ermənistanın məğlubiyyətini daimi siyasi təzyiq vasitəsinə çevirmək məqsədi qoymadı. Əksinə, Bakı sülh müqaviləsinin imzalanmasını və iki dövlət arasında münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasını təklif etdi. Bu baxımdan Azərbaycan təkcə müharibənin qalibi deyil, eyni zamanda postmünaqişə dövrünün sülh gündəliyinin əsas müəlliflərindən biridir”, - o bildirib.

Politoloq Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü beş baza prinsipinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Onun sözlərinə görə, həmin prinsiplərin mahiyyətində dövlətlərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıması, ərazi iddialarından imtina etməsi, dövlətlərarası sərhədin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması dayanır.

“Əgər Vaşinqtonda paraflanmış sülh sazişinin mahiyyətinə baxsaq, Azərbaycanın illər əvvəl irəli sürdüyü yanaşmanın əsas elementlərini görürük. Buna görə beş prinsipin sülh prosesinin konseptual bazasının formalaşmasında mühüm rol oynadığını söyləmək mümkündür. Bu prinsiplərin qəbul edilməsi Azərbaycanın postmünaqişə diplomatiyasının mühüm nəticəsidir”, - Zaur Məmmədov deyib.

2020-ci ildən Vaşinqtona gedən yol

Politoloq hesab edir ki, 2025-ci ildə əldə olunmuş nəticələri 2020-ci ildən sonrakı proseslərdən ayrı qiymətləndirmək mümkün deyil.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistan rəhbərliyinin mövqeyi mövcud status-kvonun saxlanılması ilə yanaşı, danışıqlar prosesinin faktiki nəticəsiz qalmasına səbəb olurdu.

“44 günlük müharibə regiondakı vəziyyəti kökündən dəyişdi. Müharibə zamanı Azərbaycanın Gəncə, Bərdə və digər yaşayış məntəqələrinin raket atəşinə tutulması da münaqişənin hansı təhlükəli həddə çatdığını göstərirdi. Müharibədən sonra isə Ermənistanda müəyyən siyasi dairələr revanşist ritorikanı davam etdirdilər. Bütün bunlar sülhün avtomatik şəkildə yaranmayacağını göstərirdi”, - o qeyd edib.

Zaur Məmmədovun fikrincə, 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri postmünaqişə mərhələsinin növbəti həlledici dönüş nöqtəsi olub.

“2023-cü ilin sentyabrından sonra regionda separatizm amili aradan qalxdı və Ermənistan-Azərbaycan münasibətlərinin sırf dövlətlərarası müstəvidə qurulması üçün tamamilə yeni vəziyyət yarandı. Bundan sonra İrəvan üçün də yeni regional reallıqları nəzərə almağın alternativi olmadığı daha aydın oldu. Sülh prosesinin sonrakı mərhələdə sürətlənməsini bu faktordan ayrı qiymətləndirmək olmaz”, - politoloq bildirib.

Prezident avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək  tarixi gün adlandırıb - Oxu.az

Onun fikrincə, 2020-ci il müharibəsi, 2023-cü ilin antiterror tədbirləri və 2025-ci ilin Vaşinqton nəticələri bir-biri ilə əlaqəli siyasi mərhələlər kimi nəzərdən keçirilə bilər.

“Azərbaycan həm müharibədə, həm də diplomatiyada nəticə əldə edib”

Zaur Məmmədov bildirib ki, Azərbaycanın son illərdəki siyasətinin nəticəsini yalnız hərbi qələbə anlayışı ilə məhdudlaşdırmaq düzgün olmaz.

“Azərbaycan müharibədə öz ərazi bütövlüyünü bərpa etdi, sonrakı mərhələdə isə hərbi nəticələri beynəlxalq hüquqa əsaslanan siyasi və diplomatik çərçivəyə çevirməyə nail oldu. Bu baxımdan Prezident İlham Əliyevin siyasətinin əsas nəticələrindən biri ondan ibarətdir ki, Azərbaycan müharibədə əldə etdiyi qələbəni postmünaqişə dövründə sülh gündəliyinin formalaşdırılması ilə tamamladı”, - politoloq deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sülh prosesində prinsipial mövqeyini qoruması da nəticələrin əldə edilməsində mühüm rol oynayıb.

“Azərbaycanın mövqeyi dəyişmədi: ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınmalıdır, ərazi iddiaları olmamalıdır, suverenliyə hörmət edilməlidir və gələcək münasibətlər beynəlxalq hüquq əsasında qurulmalıdır. İllər ərzində bu prinsiplərin qorunması nəticəsində proses Azərbaycanın irəli sürdüyü konseptual çərçivəyə yaxınlaşdı. Ona görə də Prezident İlham Əliyevin həm hərbi, həm də diplomatik mərhələdə ardıcıl strategiya həyata keçirdiyini söyləmək mümkündür”, - Zaur Məmmədov bildirib.

Politoloqun fikrincə, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən təxminən iki il sonra sülh sazişinin razılaşdırılmış mətninin Vaşinqtonda paraflanması postmünaqişə diplomatiyasının sürətli inkişafını göstərən mühüm göstəricidir.

O qeyd edib ki, tarixdə uzunmüddətli müharibə və qarşıdurmalardan sonra keçmiş rəqiblərin münasibətlərini normallaşdırması üçün daha uzun zaman tələb edən nümunələr mövcuddur.

“Fransa-Almaniya münasibətlərinin İkinci Dünya müharibəsindən sonra keçdiyi yolu Azərbaycan-Ermənistan münasibətləri ilə tam eyniləşdirmək doğru olmaz. Tarixi şəraitlər fərqlidir. Lakin müqayisənin göstərdiyi bir məqam var: uzunmüddətli qarşıdurmadan sonra siyasi münasibətlərin yeni hüquqi və iqtisadi əsaslar üzərində qurulması zaman və siyasi iradə tələb edir. Azərbaycan-Ermənistan prosesində isə 2023-cü ildən 2025-ci ilin Vaşinqton görüşünə qədər kifayət qədər qısa müddətdə mühüm diplomatik məsafə qət edilib”, - o bildirib.

TRIPP və Naxçıvana bağlantı

ABŞ: TRIPP Azərbaycanın Naxçıvana maneəsiz girişini təmin edəcək -  Korrekt.Az

Zaur Məmmədov Vaşinqton nəticələrinin regional kommunikasiyaların açılması baxımından da strateji əhəmiyyət daşıdığını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının yaradılması Bakı üçün postmünaqişə gündəliyinin əsas istiqamətlərindən biridir.

“TRIPP layihəsinin meydana çıxması bu məsələnin artıq yalnız siyasi müzakirə predmeti olmadığını, konkret beynəlxalq və institusional çərçivəyə keçirildiyini göstərir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında etibarlı bağlantının yaradılması həm Azərbaycanın milli maraqları, həm də Şərq-Qərb nəqliyyat sisteminin inkişafı baxımından strateji əhəmiyyət daşıyır”, - politoloq bildirib.

Onun fikrincə, bu istiqamətdə kommunikasiyaların açılması Orta Dəhlizin imkanlarını genişləndirə, Türkiyə ilə Mərkəzi Asiya arasında bağlantıları gücləndirə və Cənubi Qafqazın tranzit əhəmiyyətini artıra bilər.

“Əvvəllər Zəngəzur istiqamətində nəqliyyat bağlantısı əsasən siyasi müzakirələrin predmeti idisə, Vaşinqtondan sonra bu məsələnin həyata keçirilməsi üçün daha konkret mexanizmlər və beynəlxalq maraqlar meydana çıxıb. Bunun özü regionun geoiqtisadi xəritəsini dəyişdirə biləcək nəticədir”, - Zaur Məmmədov vurğulayıb.

Ermənistan Konstitusiyası və yekun sülh

Politoloq bildirib ki, sülh sazişinin paraflanması prosesin başa çatması anlamına gəlmir və yekun müqavilənin imzalanması üçün açıq qalan məsələlərin həlli vacibdir.

Onun sözlərinə görə, Azərbaycan üçün əsas məsələlərdən biri Ermənistanın hüquqi bazasında Azərbaycana qarşı ərazi iddialarına imkan verən müddəaların aradan qaldırılmasıdır.

“Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh yalnız siyasi rəhbərlərin bəyanatlarına deyil, gələcəkdə heç bir hökumətin ərazi iddialarını yenidən gündəmə gətirməsinə imkan verməyəcək hüquqi bazaya söykənməlidir. Buna görə Ermənistan Konstitusiyası ilə bağlı məsələ texniki deyil, strateji xarakter daşıyır”, - o bildirib.

Zaur Məmmədov hesab edir ki, Ermənistanda konstitusion dəyişikliklərlə bağlı proseslərin sülh gündəliyi ilə əlaqəsi də məhz bu kontekstdə qiymətləndirilməlidir.

Revanşizm və geosiyasi rəqabət əsas risklər sırasında qalır

Politoloqun fikrincə, son illərdə əldə edilən nəticələrə baxmayaraq, sülh prosesinin geri dönməz olduğunu indidən söyləmək düzgün olmaz.

“Ermənistan daxilində revanşist qüvvələr mövcuddur və onlar regionda yaranmış yeni reallıqları qəbul etmək istəmirlər. Azərbaycanın hərbi və siyasi uğurlarından sonra Ermənistanın dövlət siyasətində daha realist yanaşmanın güclənməsi müşahidə olunur. Lakin revanşist dairələrin gələcəkdə prosesə təsir imkanları nəzərdən qaçırılmamalıdır”, - Zaur Məmmədov deyib.

Onun fikrincə, digər mühüm risk Cənubi Qafqazın böyük dövlətlər arasında geosiyasi qarşıdurma meydanına çevrilməsi ehtimalıdır.

“Azərbaycanın marağı Cənubi Qafqazın qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsidir. Bakı üçün əsas məsələ region dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı iqtisadi maraqlar əsasında yeni təhlükəsizlik sisteminin formalaşmasıdır. Ermənistanın da uzunmüddətli maraqları regionu kənar güclərin qarşıdurma meydanına çevirməkdən deyil, Azərbaycan və digər qonşularla normal münasibətlər qurmaqdan keçir”, - politoloq vurğulayıb.

Zaur Məmmədovun sözlərinə görə, Vaşinqton görüşünün tarixi əhəmiyyətini də məhz bu geniş kontekstdə qiymətləndirmək lazımdır.

“8 avqust 2025-ci il Vaşinqton görüşünü Prezident İlham Əliyevin 2020-ci ildən sonra formalaşdırdığı postmünaqişə strategiyasının mühüm siyasi-diplomatik nəticələrindən biri hesab etmək olar. Azərbaycan hərbi qələbədən sonra beynəlxalq hüquqa əsaslanan sülh gündəliyi irəli sürdü, həmin gündəliyin əsas prinsiplərinin qəbuluna nail oldu və eyni zamanda ABŞ-la münasibətlərində yeni strateji mərhələyə keçdi. İndi əsas məsələ əldə edilmiş nəticələrin hüquqi və institusional baxımdan tam şəkildə möhkəmləndirilməsi, yekun sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasıdır”, - Zaur Məmmədov yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR