ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq niyyəti Vaşinqtonun xarici siyasət gündəmində əsas istiqamətlərdən birinə çevrilib. Tramp administrasiyasının nümayəndələri Stiv Uitkoffla Cared Kuşnerin Moskva və Kiyevlə təmasları da göstərir ki, Ağ Ev tərəflərin mövqelərini birbaşa öyrənərək yeni danışıqlar mexanizmi formalaşdırmağa çalışır. Lakin diplomatik fəallığın artması hələlik Moskva və Kiyevin fundamental fikir ayrılıqlarının aradan qalxması demək deyil.
Trampın yanaşmasını fərqləndirən əsas məqamlardan biri müharibənin yalnız Ukrayna və ya Avropa təhlükəsizliyi çərçivəsində deyil, ABŞ-nin daha geniş strateji maraqları prizmasından qiymətləndirilməsidir.
Amerikalı siyasi şərhçi Peter Teyz APA-ya bildirib ki, Vaşinqton üçün əsas məqsəd müharibəni qeyri-müəyyən müddətə maliyyələşdirmək deyil, ABŞ-nin strateji maraqlarını qoruyan və Avropada uzunmüddətli sabitlik yarada biləcək razılaşmaya nail olmaqdır.
“Trampın yanaşmasının əvvəlki administrasiyalardan əsas fərqi ondan ibarətdir ki, o, diplomatiyanı yalnız Ukraynanın və ya Rusiyanın tələbləri əsasında deyil, ABŞ-nin maraqları prizmasından qurmağa çalışır”, – Teyz qeyd edib.
Bu baxımdan Ukrayna müharibəsinin uzanması Vaşinqton üçün ikiqat problem yaradır. Bir tərəfdən ABŞ böyük maliyyə və hərbi resurslar sərf edir, digər tərəfdən isə diqqətini Hind-Sakit okean regionundan və Çinlə strateji rəqabətdən yayındırmalı olur. Teyz hesab edir ki, müharibənin uzanması Moskvanın Pekinlə siyasi, iqtisadi və hərbi əlaqələrinin daha da dərinləşməsini sürətləndirir və bu, ABŞ üçün arzuolunan ssenari deyil.
Bununla belə, Trampın qarşısındakı əsas maneə Moskva və Kiyevin sülhün şərtlərinə tamamilə fərqli yanaşmasıdır.
Rusiyalı ekspert, siyasi elmlər doktoru Tatyana Poloskova bildirib ki, Uitkoff və Kuşnerin Rusiya ilə təmasları zamanı sensasiyalı nəticə əldə olunmayıb və tərəflər əsas məsələlərdə öz əvvəlki mövqelərində qalırlar.

“Hazırda heç bir tərəf ərazi məsələsində güzəştə getmək istəmir. Bununla belə, hesab edirəm ki, səfərin özü müsbət hadisədir. ABŞ, Rusiya və Ukrayna arasında belə bir danışıqlar kanalının mövcudluğu vacibdir”, – Poloskova deyib.
Ukraynalı politoloq Valeriy Dımov isə Kiyevdən baxışın daha skeptik olduğunu vurğulayır. Onun sözlərinə görə, Ukraynada Uitkoff və Kuşnerin səfərlərinin sürətli və hərtərəfli sülh sazişinə gətirib çıxaracağına böyük ümid yoxdur.

Dımovun fikrincə, problemin əsas səbəblərindən biri Ukraynanın özünü danışıqların tamhüquqlu subyekti kimi görmək istəməsidir. O, əvvəlki təşəbbüslərdə Kiyevə bəzən artıq məğlub olmuş tərəf kimi yanaşıldığını düşünür.
“Belə yanaşmada Ukrayna danışıqlar masasının arxasında deyil, ‘menyuda’ idi”, – Dımov bildirib.
Bu üç mövqenin müqayisəsi Tramp administrasiyasının qarşısındakı çətinliyi aydın göstərir. Vaşinqton müharibənin dayandırılmasını strateji zərurət kimi görür, Moskva öz təhlükəsizlik və ərazi tələblərinin nəzərə alınmasını istəyir, Kiyev isə suverenliyi və ərazi bütövlüyünü istənilən razılaşmanın dəyişməz əsası hesab edir.
Ərazi məsələsi məhz buna görə danışıqların ən mürəkkəb düyünü olaraq qalır.
Teyz hesab edir ki, Trampın uğuru tərəfləri maksimalist mövqelərindən nə qədər uzaqlaşdıra biləcəyindən asılı olacaq. Onun fikrincə, ABŞ-nin əlində hər iki tərəfə təsir göstərmək üçün kifayət qədər vasitə var. Vaşinqton Ukraynaya hərbi və maliyyə yardımı, Moskvaya münasibətdə isə sanksiyaların sərtləşdirilməsi və ya müəyyən şərtlərlə yumşaldılması kimi rıçaqlardan istifadə edə bilər.
Poloskova isə Moskvanın mövqeyinin sərt olaraq qaldığını bildirir. Onun sözlərinə görə, Kreml Donbasın statusu, Krım, Ukraynanın NATO perspektivi və Rusiyanın təhlükəsizlik tələbləri ilə bağlı fundamental məsələlərdə geri çəkilməyə hazır görünmür.
“Bu mövqelərin necə uzlaşdırıla biləcəyini, açığı, mən də bilmirəm. Tərəflərin ərazi məsələsindəki mövqeləri bir-birindən olduqca uzaqdır”, – rusiyalı ekspert qeyd edib.

Dımov isə ərazi güzəştlərinin Kiyev üçün prinsipial olaraq qəbuledilməz olduğunu deyir. Onun fikrincə, söhbət yalnız xəritədə hansısa xəttin dəyişdirilməsindən deyil, Ukraynanın dövlət suverenliyindən gedir.
“Ukrayna ərazi məsələsində kompromisə gedə bilməz. Bu, yalnız ictimai mövqe deyil, həm də Ukrayna Konstitusiyasından irəli gələn məsələdir”, – politoloq vurğulayıb.
Belə şəraitdə Uitkoff və Kuşnerin missiyasının əsas funksiyası tərəflərin real güzəşt sərhədlərini müəyyənləşdirmək ola bilər. Teyzin sözlərinə görə, ABŞ nümayəndələrinin işi sadəcə Moskva və Kiyevin mövqelərini dinləməkdən ibarət deyil. Məqsəd Prezident Tramp üçün hansı sahələrdə real razılaşma imkanlarının mövcud olduğunu müəyyən etməkdir.
Poloskova da danışıqlar kanalının saxlanılmasını mühüm hesab edir, lakin mövcud prosesə həddindən artıq nikbin yanaşmır. O, danışıqları müəyyən mənada keçmiş Minsk qrupu ilə müqayisə edir: proses və hərəkət var, lakin yekun nəticə hələ görünmür.
Dımov isə Uitkoffun Ukraynada tam neytral vasitəçi kimi qəbul edilməməsinə diqqət çəkir. Onun sözlərinə görə, Uitkoffun Moskva ilə uzunmüddətli və intensiv təmasları Ukrayna cəmiyyətində müəyyən şübhələr yaradıb.
“Ukraynalıların böyük bir hissəsinin nəzərində Uitkoff Moskvanın mövqeyinə daha yaxın duran vasitəçi təsiri bağışlayır”, – Dımov bildirib.
Bununla belə, Kiyev üçün ABŞ nümayəndələri ilə təmaslardan imtina etmək də real seçim deyil. Dımov hesab edir ki, üçtərəfli və ya digər formatlarda ən azı məhdud nəticələr əldə etmək mümkündür. Əsirlərin mübadiləsi, humanitar məsələlər və digər lokal razılaşmalar daha geniş diplomatik proses üçün ilkin baza yarada bilər.
Teyz də Uitkoff və Kuşnerin missiyasının uğurunun dərhal yekun sülh sazişinin imzalanması ilə ölçülməməli olduğunu düşünür. Onun fikrincə, ilkin mərhələdə atəşkəs, əsirlərin mübadiləsi, enerji və kritik infrastruktura hücumların məhdudlaşdırılması, birbaşa danışıqlar mexanizminin yaradılması real nəticələr sayıla bilər.
Lakin atəşkəs məsələsinin özü də tərəflər arasında fikir ayrılığı yaradır. Poloskovanın sözlərinə görə, Moskva müvəqqəti fasilədən daha çox tamhüquqlu sülh müqaviləsinə üstünlük verir. Rusiya tərəfi hesab edir ki, qısamüddətli atəşkəs Ukraynaya qüvvələrini bərpa etmək və daha sonra hərbi əməliyyatları yenidən davam etdirmək imkanı verə bilər.
Kiyev isə atəşkəsdən sonrakı təhlükəsizlik mexanizmlərini əsas məsələ hesab edir. Dımovun fikrincə, yalnız siyasi vədlər və iqtisadi investisiyalar Ukrayna üçün yetərli təhlükəsizlik zəmanəti hesab edilə bilməz.
“Real təhlükəsizlik zəmanəti NATO Nizamnaməsinin 5-ci maddəsinə yaxın səviyyədə olmalıdır. Əgər verilən zəmanətin gələcəkdə yerinə yetiriləcəyinə tam siyasi və hüquqi əminlik yoxdursa, onun praktik dəyəri aşağı olur”, – o bildirib.

Bu, Trampın qarşısındakı ikinci böyük dilemmanı ortaya çıxarır: müharibəni dayandırmaqla davamlı sülh yaratmaq eyni anlayış deyil. Sürətli atəşkəs diplomatik uğur kimi görünə bilər, lakin təhlükəsizlik mexanizmləri zəif olarsa, bir neçə ildən sonra müharibənin yenidən başlaması istisna edilmir.
Teyz də məhz buna diqqət çəkir. Onun fikrincə, Tramp üçün istənilən razılaşma uğur hesab edilə bilməz. ABŞ elə bir model əldə etməlidir ki, bu, gələcəkdə yeni genişmiqyaslı qarşıdurmaya gətirib çıxarmasın.
Eyni zamanda danışıqların iqtisadi komponenti də getdikcə daha çox əhəmiyyət qazanır. Poloskova qeyd edir ki, ABŞ və Rusiyada sanksiyalar məsələsinin müəyyən formada həllində maraqlı olan maliyyə-sənaye dairələri mövcuddur.
Teyz isə sanksiyalarla yanaşı enerji bazarları, Ukraynanın gələcək bərpası və Amerika şirkətlərinin burada mümkün iştirakını Vaşinqtonun diplomatik alətləri sırasında görür.
Bu isə Tramp administrasiyasının mümkün sülh formulunu yalnız siyasi deyil, həm də iqtisadi paket üzərində qurmağa çalışa biləcəyini göstərir. Rusiyaya müəyyən iqtisadi təşviqlər, Ukraynaya bərpa və investisiya imkanları, Avropaya isə təhlükəsizlik məsuliyyətinin daha böyük hissəsinin ötürülməsi daha geniş razılaşmanın komponentlərinə çevrilə bilər.
Ancaq ekspertlərin mövqelərində ortaq bir məqam var: sürətli dönüş üçün şərait hələ yaranmayıb.
Poloskova hesab edir ki, Moskva və Kiyev faktiki olaraq dalana dirənib.
Dımov fundamental məsələlər üzrə real yaxınlaşma üçün ciddi zəmin görmür.
Teyz isə Trampın şansının olduğunu qəbul etsə də, bunu tərəflərin müharibəni davam etdirməyin qiymətinin kompromisdən daha yüksək olduğunu anlaması ilə əlaqələndirir.
“Əgər ABŞ həm Rusiyaya, həm də Ukraynaya müharibənin davam etdirilməsinin siyasi, iqtisadi və hərbi qiymətinin artacağını, razılaşmanın isə konkret üstünlüklər gətirəcəyini göstərə bilsə, tərəflərin mövqelərinin yaxınlaşması mümkündür”, – amerikalı şərhçi hesab edir.

Beləliklə, Uitkoff və Kuşnerin Moskva və Kiyev səfərlərinin əsas nəticəsi hələlik sülh sazişi deyil, diplomatik kanalın işlək saxlanılmasıdır. Bu kanalın konkret nəticəyə çevrilib-çevrilməyəcəyi isə daha çətin mərhələdə – ərazi, təhlükəsizlik, sanksiyalar və gələcək geosiyasi status məsələləri müzakirəyə çıxarılanda məlum olacaq.
Tramp üçün Ukrayna müharibəsini dayandırmaq həm şəxsi siyasi uğur, həm də ABŞ-nin qlobal strategiyasını yenidən balanslaşdırmaq imkanıdır. Moskva üçün əsas məsələ müharibənin səbəbləri kimi təqdim etdiyi təhlükəsizlik və ərazi problemlərinin həllidir. Kiyev üçün isə sülh yalnız dövlət suverenliyini və uzunmüddətli təhlükəsizliyini təhlükə altına qoymadığı halda qəbul edilə bilər.
Məhz bu üç fərqli məntiqin ortaq nöqtəsinin tapılması Vaşinqton diplomatiyasının əsas sınağı olacaq. Hazırda danışıqlar üçün imkan pəncərəsi mövcuddur, lakin tərəflərin “qırmızı xətləri” dəyişmədiyi müddətdə Uitkoff və Kuşnerin diplomatik fəallığının real sülh sazişinə çevrilməsi hələ də çətin görünür.