Britaniya zəngin tarixi və mədəni irsi ilə seçilən ölkələrdən biridir. Ölkənin müxtəlif şəhərlərində Roma dövründən qalan tikililər, orta əsr kilsələri, tarixi qala divarları, heykəllər və digər mədəni irs nümunələri qorunub saxlanılır. Bununla belə, son illərdə bu obyektlərin vandalizmə məruz qalması ilə bağlı müxtəlif hadisələr qeydə alınır. Bəzi hallarda tarixi tikililərin divarlarına qraffiti çəkilir, bəzi hallarda isə heykəllər və dini məkanlar siyasi şüarların və təhqiramiz ifadələrin yazılması üçün istifadə olunur.
Belə hadisələrin yaratdığı problem yalnız obyektlərin xarici görünüşünün pozulması ilə məhdudlaşmır. Xüsusilə yüzlərlə və ya minlərlə il yaşı olan daş səthlərin üzərinə boya vurulması və ya onların mexaniki şəkildə zədələnməsi tarixi materiala ciddi zərər vura bilər. Bu səbəbdən Britaniyada tarixi irs obyektlərinin təmizlənməsi də adi qaydada həyata keçirilmir və bir sıra hallarda müvafiq qurumların razılığı tələb olunur.
Son dövrdə Çesterdən Londona, Peterborodan Leylanda qədər müxtəlif şəhərlərdə baş verən hadisələr Britaniyanın tarixi və dini irsinin vandalizmdən tam sığortalanmadığını göstərir.

İki min illik Çester şəhər divarları vandalizmin hədəfində
2026-cı ilin martında İngiltərənin Çester şəhərində təxminən iki min il yaşı olan qədim şəhər divarları vandalizmə məruz qalıb. Çeşir polisi martın əvvəlində dörd qadının Çesterin tarixi şəhər divarlarının bir hissəsinə boya ilə yazılar yazması barədə məlumat alıb.
Şəhərin Nortgeyt ərazisi ilə kilsə arasında yerləşən divarların üzərində “Paris”, “Lili” və “Jasmin” sözləri də daxil olmaqla müxtəlif yazılar aşkarlanıb. Çester şəhər divarlarının əsası eramızın 70-80-ci illərində, Roma hakimiyyəti dövründə qoyulub. Bu divarlar günümüzə qədər böyük ölçüdə qorunub saxlanılan və şəhərin əsas tarixi görməli yerlərindən biri hesab olunan abidələr sırasındadır. Onların hüquqi statusu da xüsusi mühafizə tələb edir.
Hadisənin miqyası aparılan ilkin araşdırma zamanı daha aydın olub. Müəyyən edilib ki, tarixi divarların doqquz hissəsi zədələnib və ümumilikdə 67 daş boya ilə çirkləndirilib. Çeşir polisi hadisəni törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmanı davam etdirir. Çester şəhər şurası isə tarixi divarlardakı yazıların təhlükəsiz şəkildə təmizlənməsi üçün İngiltərənin tarixi irsin qorunmasına cavabdeh qurumu olan Historic England ilə əməkdaşlıq edir.
Mütəxəssislər boya ilə çəkilmiş yazıların qədim daşlara zərər verə biləcəyini, onların təmizlənməsinin isə mürəkkəb və bahalı proses olduğunu bildiriblər. Tarixi daşların həssaslığı və abidənin ölkə üçün əhəmiyyəti nəzərə alınaraq, yazıların təmizlənməsinə başlamazdan əvvəl istifadə ediləcək üsullar xüsusi şəkildə sınaqdan keçirilməlidir.
İngiltərənin Tarixi İrs Qurumunun (Historic England) razılığı olmadan divarlarda təmizləmə işlərinə başlanılması mümkün deyil. Çester kilsəsinin bərpa işləri üzrə mütəxəssisləri artıq emalatxana şəraitində daş nümunələri üzərində ilkin təmizləmə sınaqları keçiriblər. Daha sonra şəhər divarlarında istifadə olunan materiala uyğun qumdaşı nümunələri üzərində əlavə sınaqlara başlanılıb. Məqsəd boyanı tam təmizləməklə yanaşı, qədim daşlara zərər verməyən üsul müəyyənləşdirməkdir. Uyğun üsul təsdiqləndikdən sonra əvvəlcə divarların kiçik hissələrində sınaq aparılacaq və yalnız bundan sonra genişmiqyaslı təmizləmə işlərinə başlanılacaq.
Çeşir polisi hadisəni tarixi irsə qarşı cinayət kimi qiymətləndirib. Çester Universitetinin Çeşir polisi ilə birlikdə tarixi irsə qarşı cinayətlərin qeydə alınması layihəsində çalışan professoru da hadisənin nəticələrinin sənədləşdirilməsinə cəlb olunub. Sübutların toplanması məqsədilə divarlara çəkilmiş hər bir yazı ayrıca qeydə alınıb. Rəsmi qurumlar tarixi divarların əvvəlki vəziyyətinə qaytarılmasını təxirəsalınmaz məsələ kimi qiymətləndirirlər.
Çesterdə yanvar ayında da tarixi divarlara yazı yazılıb
Çesterin tarixi qala divarları 2026-cı ilin yanvarında da vandalizmə məruz qalıb. “Water Tower Gardens” və “Pemberton’s Parlour” arasındakı hissəyə sprey boya ilə qraffiti çəkilib.
Çester Şəhər Polis Qrupunun əməkdaşları həmin vaxt şəhərin qala divarlarının milli əhəmiyyətli qorunan tarixi abidə olduğunu bildiriblər. Qala divarları Britaniyada müdafiə məqsədilə inşa edilmiş ən qədim, ən uzun və ən bütöv qala divarları sistemlərindən biri hesab olunur.
Yerli hakimiyyət orqanları hər il şəhərə minlərlə ziyarətçi cəlb edən qala divarlarının qorunması və saxlanılması üçün böyük işlər görür. Bu səbəbdən tarixi abidənin üzərinə qraffiti çəkilməsinin məyusedici olduğu vurğulanıb.
Mart hadisəsindən sonra isə Çester şəhər şurası, Historic England, Çeşir polisi və Çester Universitetinin mütəxəssisləri daha geniş miqyasda araşdırma və bərpa işlərinə cəlb olunublar. Bu, tarixi divarlara vurulan zərərin adi qrafiti hadisəsindən daha ciddi qiymətləndirildiyini göstərir.

Çörçillin heykəlinə siyasi şüarlar yazılıb
Britaniyada tarixi irs obyektlərinə qarşı vandalizmin digər diqqətçəkən nümunəsi 2026-cı il fevralın 27-də Londonda baş verib. Parlament meydanında yerləşən Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin tunc heykəlinin üzərinə qırmızı boya ilə müxtəlif siyasi şüarlar yazılıb.
Abidənin üzərində “Sionist müharibə cinayətkarı”, “Soyqırımı dayandırın”, “Azad Fələstin”, “Bir daha heç vaxt - indi” və “İntifadanı qloballaşdırın” ifadələri yer alıb. London polisi hadisədən qısa müddət sonra 38 yaşlı Kaspar San Corcionu saxlayıb. Ona cinayət nəticəsində əmlaka zərər vurmaqla bağlı ittiham irəli sürülüb.
Heykəl hadisədən sonra mühasirəyə alınıb və yazılar həmin gün təmizlənib. Böyük London Administrasiyası vandalizmi sərt şəkildə qınayıb və qrafitinin mümkün qədər tez aradan qaldırılması üçün işlərin aparıldığını bildirib. Böyük Britaniya Baş nazirinin ofisi (Dauninq Strit) də hadisəni “tamamilə qəbuledilməz” adlandırıb. Baş nazirin ofisinin nümayəndəsi Çörçillin “böyük britaniyalı” olduğunu vurğulayaraq hökumətin ölkənin dəyərlərini müdafiə edəcəyini və hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.
Çörçillin Parlament meydanındakı heykəli 1973-cü ildə ucaldılıb və 3,6 metr hündürlüyündədir. İvor Roberts-Cons tərəfindən hazırlanan abidə keçmiş baş nazirin həyat yoldaşı Klementin Çörçill tərəfindən açılıb. Heykəl Parlament meydanında və onun ətrafında yerləşən 12 abidədən biridir.
Maraqlıdır ki, bu heykəl əvvəllər də vandalizmin hədəfinə çevrilib. 2020-ci ilin iyununda “Black Lives Matter” etirazları zamanı heykəlin üzərinə Çörçillin irqçi olduğunu bildirən yazı çəkilib. Həmin ilin oktyabrında “Extinction Rebellion” fəalı iqlim etirazı zamanı heykəlin postamentinə “racist” sözünü yazdığı üçün 1 500 funt sterlinqdən çox məbləğ ödəməyə məhkum edilib.

900 illik Peterboro kilsəsinin tağına qraffiti çəkilib
2026-cı ilin iyununda İngiltərənin Peterboro şəhərində yerləşən tarixi kilsədə də vandalizm hadisəsi baş verib. Naməlum şəxslər kilsənin təxminən 900 illik Norman dövrünə aid tağının üzərinə qanunsuz yazılar və rəsmlər çəkiblər.
Hadisə nəticəsində tarixi tikilinin daş səthinə zərər dəyib. Kilsə nümayəndələrinin sözlərinə görə, vandalizm nəticəsində yaranmış zərərin aradan qaldırılmasının bir neçə min funt sterlinqə başa gələcəyi gözlənilir. Hadisə Kembricşir polisi tərəfindən araşdırılır.

Kilsə rəhbərliyi bildirib ki, qədim daş səthlər adi üsullarla təmizlənə bilməz. Çünki standart təmizləmə üsullarından istifadə tarixi daşlara əlavə zərər vura bilər. Buna görə də xüsusi konservasiya təmizləməsi aparılmalıdır.
Peterboro kilsəsinin nümayəndələri vandalizmin əlavə maliyyə yükü yaratdığını və bu vəsaitin kilsənin ümumi fəaliyyəti, eləcə də tarixi tikilinin qorunması və bərpası işlərindən yayındırıldığını vurğulayıblar. Peterboro kilsəsi ölkənin ən mühüm orta əsr tikililərindən biri hesab olunur.
Bu hadisə də göstərir ki, tarixi abidələrə vurulan zərərin aradan qaldırılması bəzən vandalizmin özündən daha mürəkkəb prosesə çevrilir. Daşın yaşı, materialın xüsusiyyətləri və tarixi əhəmiyyəti nəzərə alınaraq, adi təmizləmə üsullarından istifadə etmək mümkün olmur və xüsusi mütəxəssislərin müdaxiləsi tələb edilir.

Leylandda tarixi kilsə və 40-dan çox qəbir daşı zədələnib
2025-ci il aprelin 18-də, Müqəddəs Cümə günü İngiltərənin Preston şəhəri yaxınlığındakı Leyland qəsəbəsində yerləşən Müqəddəs Ceyms kilsəsi vandalizmə məruz qalıb. II dərəcəli qorunan tarixi abidə statusuna malik kilsənin divarlarına ədəbsiz təsvirlər və təhqiramiz ifadələr çəkilib. Bundan başqa, qəbiristanlıqda 40-dan çox qəbir daşının üzərinə də yazılar yazılıb.

Hadisənin Pasxa bayramı ərəfəsində baş verməsi vəziyyəti daha da həssas edib. Lankaşir polisi hadisəni “utancverici vandalizm aktı” kimi qiymətləndirib və onu nifrət zəminində törədilmiş cinayət kimi araşdırdığını açıqlayıb. Hadisə zamanı heç kim saxlanılmayıb və araşdırma davam etdirilib.

Kilsənin keşişi Mark Volverson baş verənlərə ilk reaksiyasının dərin kədər olduğunu bildirib. O, bunun keşiş kimi fəaliyyəti dövründə qarşılaşdığı ən ağır hadisə olduğunu deyib. Bununla yanaşı, yerli sakinlərin kilsəyə yardım etmək üçün bir araya gəlməsinin onlara böyük mənəvi dəstək verdiyini vurğulayıb.
Yerli sakinlər Pasxa bayramının ilk günlərində kilsənin təmizlənməsinə kömək ediblər. Aprelin 19-da səhər saatlarından etibarən yerli icma üzvləri divarlardan və 40-dan çox qəbir daşından yazıların silinməsi işlərinə başlayıblar. Onların səyləri nəticəsində kilsədə planlaşdırılan toy mərasiminin keçirilməsi və Pasxa həftəsonu dini xidmətlərin davam etdirilməsi mümkün olub.
Hadisə İngiltərə Kilsəsinin yüksək vəzifəli nümayəndələri tərəfindən də sərt şəkildə qınanıb. York arxiyepiskopu kilsənin keşişinə və dini icmaya göndərdiyi məktubda müqəddəs hesab edilən ərazinin bu şəkildə təhqir olunmasını dərindən sarsıdıcı hadisə adlandırıb. Blekbern yepiskopu Filip Nort da vandalizmi utancverici və sarsıdıcı hadisə kimi qiymətləndirib və polisin məsələyə ciddi yanaşmasını, hadisəni nifrət zəminində törədilmiş cinayət kimi araşdırmasını müsbət qarşılayıb.

Britaniyada tarixi irs obyektlərini vandalizmdən qoruyan qanunlar
Britaniyada vandalizmə qarşı hüquqi məsuliyyət hadisənin xarakterindən, zədələnmiş obyektin statusundan və vurulmuş zərərin həcmindən asılı olaraq müxtəlif qanunlar əsasında müəyyənləşdirilir. Qraffiti və digər vandalizm halları ümumilikdə cinayət məsuliyyəti yarada bilər. İngiltərə və Uelsdə belə əməllər çox vaxt 1971-ci ildə qəbul edilmiş Cinayət Məcəlləsi (Criminal Damage Act) çərçivəsində qiymətləndirilir. Qanun başqasının əmlakını qəsdən və ya ehtiyatsızlıq nəticəsində zədələməyi cinayət hesab edir. Qanunla nəzərdə tutulan müəyyən hallarda belə əməllərə görə ittiham üzrə maksimum 10 ilədək həbs cəzası tətbiq edilə bilər.
Britaniya hökumətinin məlumatına görə, vandalizm və qraffiti antisosial davranış nümunələrinə daxildir. Belə hallarda polis və yerli hakimiyyət orqanları müxtəlif hüquqi mexanizmlərdən istifadə edə bilərlər.
Qraffiti ilə bağlı bəzi hallarda sabit cərimə bildirişi də tətbiq oluna bilər. Hökumətin məlumatlarında qraffiti ətraf mühitlə bağlı hüquq pozuntuları sırasında göstərilir və belə hallarda yerli şura və ya digər səlahiyyətli qurum tərəfindən sabit cərimə tətbiq edilə bilər.
Tarixi abidələrə münasibətdə isə hüquqi müdafiə daha genişdir. İngiltərədə qorunan tarixi binalar və abidələr 1990-cı il “Planlaşdırma (Siyahıya Alınmış Binalar və Qoruma Əraziləri) qanunu” (Planning (Listed Buildings and Conservation Areas) Act) ilə xüsusi hüquqi rejim çərçivəsində qorunur. Qorunan abidəyə icazəsiz müdaxilə və onun tarixi xüsusiyyətlərinin zədələnməsi ayrıca hüquqi nəticələr doğura bilər. Qanun həmçinin müəyyən hallarda bərpa və digər tədbirlərin həyata keçirilməsi üçün xərclərin qarşı tərəfdən tutulmasına imkan verir.
Bundan başqa, yerli hakimiyyət orqanlarının vandalizm və qraffiti ilə mübarizə aparmaq üçün əlavə səlahiyyətləri mövcuddur. Antisosial Davranış, Cinayət və Polislik haqqında qanunvericilik çərçivəsində İcmanın Qorunması Bildirişi (Community Protection Notice) kimi mexanizmlərdən istifadə edilə bilər. Bu mexanizmlər xüsusilə ətraf mühitə və yerli icmanın həyat keyfiyyətinə mənfi təsir göstərən qraffiti kimi hallara qarşı tətbiq oluna bilər. Bildirişin tələblərinin pozulması isə cinayət məsuliyyəti, cərimə və bəzi hallarda zərərin aradan qaldırılması ilə bağlı tədbirlərlə nəticələnə bilər.
Beləliklə, Britaniyada tarixi və mədəni irs obyektlərinə qarşı vandalizm yalnız ictimai qınaqla məhdudlaşmır. Hadisənin xüsusiyyətindən asılı olaraq cinayət məsuliyyəti, cərimə, zərərin ödənilməsi və digər hüquqi tədbirlər tətbiq oluna bilər. Xüsusilə qorunan tarixi abidələrə müdaxilə zamanı obyektin xüsusi hüquqi statusu nəzərə alınır.
Tarixi irsin qorunması yalnız abidələrin fiziki mühafizəsi ilə deyil, həm də cəmiyyətin tarixi və mədəni dəyərlərə münasibəti ilə bağlıdır.
Ən mühüm məqam isə ondan ibarətdir ki, müasir boya və digər materiallarla tarixi daşlara vurulan zərərin tamamilə aradan qaldırılması həmişə mümkün olmur. Çester şəhər divarları və Peterboro kilsəsi ilə bağlı nümunələrdə olduğu kimi, təmizləmə prosesinin özü də tarixi materialın qorunması baxımından ciddi elmi və texniki yanaşma tələb edir. Bu isə vandalizmin nəticələrinin yalnız yazının silinməsi ilə bitmədiyini, bəzən uzunmüddətli və bahalı bərpa prosesinə səbəb olduğunu göstərir.