Avropa İttifaqının sanksiyaları Rusiya iqtisadiyyatına necə təsir göstərəcək? - ŞƏRH

Avropa İttifaqının sanksiyaları Rusiya iqtisadiyyatına necə təsir göstərəcək? - <span style="color: red;">ŞƏRH
# 16 sentyabr 2014 14:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Avropa İttifaqının Rusiya qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi, Ukrayna böhranı, həmçinin qlobal iqtisadiyyatda durğunluq və neftin qiymətindəki dəyişiklik Rusiya iqtisadiyyatında nələri dəyişəcək? Bu gün Rusiyada ən çox müzakirə olunan suallardan biri məhz budur.

Həmçinin Rusiyanın "Sberbank”, “Bank Moskvı”, “Qazprombank”, “Rosselxozbank”, “Vneshekonombank” və “VTB Bank” ABŞ-ın sanksiya siyahısına salınması bankların dünya maliyyə bazarındakı fəaliyyətinə də problem yaradıb.

Dünya bazarında neftin bir barelinin qiymətinin 100 ABŞ dollarından aşağı düşməsi Rusiya maliyyə bazarına da ciddi təsirini göstərib. Sentyabrın 16-a olan məlumata görə, 1 ABŞ dollarının dəyəri 33 qəpik yüksələrək 38,82 rubla çatıb. 1 avro isə 49 qəpik bahalaşaraq 50,19 rubla bərabər olub. Artıq 7-ci gündür ki, ardıcıl olaraq rubl avro və dollara nisbətdə ucuzlaşır.

Rusiyalı ekspertlər APA-nın Moskva müxbirinə Qərbin sanksiyalarının məlum nəticələrini şərh ediblər. Ali İqtisad Məktəbinin İnkişaf Mərkəzinin baş eksperti Nikolay Kandraşev bildirib ki, ölkə iqtisadiyyatını böyük miqyaslı böhranın gözləyir: "Qərb Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyi təqdirdə, neft ixracatı 50 faizə qədər azalacaq. Bununla da ÜMD 2015-ci ildə 8 faizə düşəcək".

"Ali İqtisad Məktəbinin İnkişaf Mərkəzində Rusiya iqtisadiyyatını inkişaf etdirmək üçün iki ssenari işlənib hazırlanıb. Baza proqnozlarına əsasən, satış vergilərinin tətbiq olunması və sanksiyaların zəifləməsini nəzərə alsaq o zaman 2015-ci ildə ÜDM 0,8 faiz təşkil edəcək. İkinci ssenariyə görə, ÜDM 2 faiz azalacaq. Güman edirik ki, bu əmtəə ixracının artım tempinin azalmasına görə olacaq", - deyə Nikolay Kondraşov bildirib.

Rusiyalı analitik Dmitri Polevoy isə 2015-ci il üçün ÜDM artımı 1,7 faiz təşkil edəcəyini söyləyir: "Bu proqnoz 2015-ci ilin sonunda Rusiyaya qarşı sanksiyaların təsirinin yekunlaşması və Ukrayna böhranının normallaşmasına görə hesablanıb".

Bununla yanaşı, ekspertlər hesab edirlər ki, geosiyasi risklərin intensivləşməsi ehtimalı yüksək olaraq qalır. Əsas risk - sanksiyaların güclənməsidir.

"Sanskiyaların genişlənməsi üç istiqamətdə mümkündür. Birinci istiqamət bütün iqtisadiyyatda, özəl sektorda maliyyə məhdudlaşmalarının yayılması, ikinci istiqamət qaz ixracatının 25 faizə enməsi, üçüncü istiqamət isə neft ixracatının böyük miqyasda ixtisara düşməsidir",-deyə Dmitri Polevoy bildirib.

Ekspertlərdən fərqli olaraq rusiyalı siyasilər isə sanksiyaların ölkə iqtisadiyyatına təsirinə nikbin yanaşırlar. Rusiya prezidentinin köməkçisi Andrey Belausovun sözlərinə görə, Qərb ölkələri Rusiyaya qarşı tətbiq etdikləri iqtisadi sanksiyalar səbəbindən artıq 40 milyard avro itiriblər: "Lakin bu itkilər hələ Rusiyanın məlum sanksiyalara cavabı verilmədən baş verib. Rusiya Avropa ölkələrindən və ABŞ-dan idxal olunan bir sıra məhsullara sanksiya tətbiq etməyə hazırıdır. Bunu edəndən sonra Qərb ölkələrinin üzləşəcəyi itkiləri hesablamaq çox çətin olacaq.

"Bizim bir sıra qeyri-kənd təsərrüfatlı məhsullarımız var ki, hansı ki, biz Avropa ölkələrindən asılı deyilik, əksinə onlar bizdən daha çox asılıdırlar. Bu əsasən avtomobil idxalı, o cümlədən işlənmiş avtomobil idxalı...və onların ehtiyat hissələri ilə bağlıdır. Digər yüngül sənaye məhsullarını da misal göstərmək olar ki, hansıları ki, biz artıq özümüz istehsal edə bilərik"-deyə Rusiya prezidentinin köməkçisi bildirib.

Hansı ölkələrin iqtisadiyyatı Rusiya həmin qeyri-kənd təsərrüfatı məhsullarının idxalına sanksiya qoyduğu təqdirdə güclü ziyan çəkə bilər?

Avtomobil idxalı

Rusiya 2013-cü ildə 17 milyard ABŞ dolları dəyərində minik avtomobili idxal edib. İdxalın 70 faizi Rusiyaya iqtisadi sanksiya tətbiq edən ölkələrin payına düşür. Bunlar Yaponiya, Almaniya, Böyük Britaniya və ABŞ-dır. Göründüyü kimi siyahıdakı ilk dördlük Rusiyaya sanksiya tətbiq edən ölkələrdir. Avtomobil idxalına qadağa qoyulacağı təqdirdə həmin ölkələrin itkisi 12 milyard dollardan çox olacaq. Bu təkcə mototexnika, yük maşınları, sərnişin daşınması ilə bağlı nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalına qadağa qoymadan hesablanan itkinin miqdarıdır.

Qeyd edək ki, Rusiyada xarici avtomobillərin ehtiyat hissələrinin idxalının həcmi 2013-cü il üçün 11,5 milyard dollar təşkil edib. Bu, əsasən Almaniya və Yaponiyanın payına düşür.

Geyim məhsullarının idxalı

Rusiya 2013-cü ildə 8,5 milyard dolları dəyərində geyim məhsulları idxal edib. İdxalın əsas hissəsi Çin, Türkiyə, Banqladeş, Belarus və İtaliyanın payına düşür. Çindən idxal olunan geyim məhsulları 44 faiz təşkil edir. Bu ölkələrdən yalnız İtaliya Rusiyaya qarşı sanksiya tətbiq edənlərin sırasındadır. İtaliya isə ümumi idxalın 5,19 faizini təşkil edir.

Yüngül sənaye məhsullarının idxalı

Yüngül sənaye məhsullarının idxalına qadağa qoyulsa, çətin ki, bu Avropa ölkələrinin iqtisadiyyatı üçün katostrofik olsun. Misal üçün dəri məhsullarını Rusiya Fransa və İtaliyadan idxal edir. 2013-cü ildə idxalın həcmi simvolik olub. Belə ki, Fransadan 45 milyon dollar, İtaliyadan isə 135 milyon dollar həcmində məhsul idxal olunub.

Spirtli içki məhsulları idxalı

Spirtli içki məhsulları seqmentində çox şey konkret seqmentdən asılıdır. Misal üçün, Böyük Britaniya Rusiyaya güclü spirtli içki məhsulları və likyorun ixracına liderlik edir. 2013-cü il üçün Rusiya spirtli içki məhsullarının 27,80 faizini Böyük Britaniyadan, 19,77 faizini Fransadan, 10,97 faizini Ermənistandan, 9,35 faizini ABŞ-dan, 3,51 faizini Finlandiyadan, 1,98 faizini Almaniya, 1,3 faizini İtaliyadan idxal edib.

Spirtli içki məhsulu bazarının həcmi 1,481 mlrd dollar təşkil edib.

Rusiyanın şərab idxalında isə üç Avropa ölkəsi liderlik edir. Bu ölkələr Fransa, İspaniya və İtaliyadır. Bu ölkələr istehsal etdiyi şərabın 60 faizini Rusiyaya ixrac edirlər.

Göründüyü kimi, Rusiyanın idxal etdiyi məhsulların önəmli bir hissəsi ona qarşı iqtisadi sanksiya tətbiq edən ölkələrin payına düşür. Bu amil Rusiyanın Qərbin sanksiyalarına cavab vermək üçün şansıdır.

Lakin Rusiya iqtisadiyyatına təkcə Qərbin sanksiyaları deyil, dünya bazarında neftin qiymətinin ucuzlaşması da təsir edir. Brend markalı neftin bir bareli 99,2 dollardan satılarkən, Ural neftinin bir barelinin qiyməti 94 dollara qədər düşüb. Liviyada neft hasilatının başlanması, Çin və Avropa bazarlarında tələbatın azalması neftin qiymətinin aşağı düşməsinə səbəb olub. Ekspertlərin fikrincə, neftin qiyməti 90 dollara düşəcəyi təqdirdə Səudiyyə Ərəbistanı və OPEC təşkilatı ölkələri hasilatı azalda bilərlər.

Rusiya 2014-cü il üçün neftin qiymətinin 110 dollar səviyyəsində olacağını gözləyirdi. "Reuters" hesablamalarına görə, neftin qiymətində 1 dollarlıq enmə Rusiya büdcəsinə 1,4 milyard dollar itki kimi təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR