Bakıda kimin gələcəyi müəyyənləşdi: Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun, yoxsa Avropa iqtisadi məkanının? - ANALİTİKA - APA TV

Bakıda kimin gələcəyi müəyyənləşdi: Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun, yoxsa Avropa iqtisadi məkanının? - <span style="color: red;">ANALİTİKA - APA TV
# 09 aprel 2013 10:43 (UTC +04:00)

Davos Forumunun regional səyyar toplantısının Bakıda keçirilməsi Azərbaycanın regionda artan çəkisinin daha bir göstəricisi sayıla bilər. Forumda iqtisadi inkişaf layihələri və Cənubi Qafqaz üçün unikal iqtisadi strategiyaların işlənib hazırlanması məsələsi müzakirə olunub. Artıq başa çatmış «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq» mövzusunda I Dünya İqtisadi Forumuna dünyanın 300-dən çox aparıcı siyasi və iqtisadi dairələrinin, maliyyə institutlarının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndəsi qatılıb, forumu işıqlandırmaq üçün dünyanın 50-dən çox aparıcı kütləvi informasiya vasitəsinin təmsilçisi akkreditasiya olunub, 500-ə qədər KİV-də forumla bağlı xəbər və rəylər dərc edilib. Bu, dünyada keçirilən tədbirə nə qədər böyük maraq olduğunu təsdiqləyir.

Bu maraq haradan qaynaqlanır? Dünyada və regionda gedən proseslərin analizi bir nəticəyə gəlməyə əsas verir - Avropa bir neçə ildir davam edən iqtisadi böhrandan çıxış yolu axtarır. Ən aktual böhrandan qurtarma ssenarisi isə dirçələn Asiyanın dəstəyidir. Bu ssenari Avropa ilə Asiya arasında körpü rolunu oynayacaq Cənubi Qafqazın, xüsusilə Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə malik olan Azərbaycanın xüsusi çəkisini dəfələrlə artırır.

Bu gün Avrasiya məkanında real mənzərə belədir - Avropada iqtisadi böhran davam edir, siyasi dairələr hər nə qədər böhranın başa çatdığını iddia etməyə çalışsalar da, Yunanıstan və Kiprdə baş verənlər Avropa Birliyinin hələ uzun müddət maliyyə böhrandan əziyyət çəkəcəyini göstərir.

Avropadan fərqli olaraq Asiya regionu iqtisadi böhranın təsirini daha asanlıqla neytrallaşdıra bilib. İki iqtisadi məkanın böhrandan fərqli təsirlənməsi səbəbi aydındır - Asiya regionu enerji resursları ilə zəngindir, Avropa isə enerji asılılığı keçirir. Avropa iqtisadi məkanında enerji resurslarından asılılıq xroniki hal alıb. Avropanın iki köklü problemi - enerji asılılığı və iqtisadi böhran arasında səbəb-nəticə əlaqəsi var. Qitə maliyyə böhranından qurtarmaq üçün ilk növbədə enerji asılılığından qurtarmalıdır. Avropa enerjiyə olan tələbatını Körfəz regionu hesabına ödəyə bilmir – bölgədəki qeyri-stabillik, İrana qarşı sanksiyaların tətbiqi, gərginliyin hər zaman arta biləcəyi ehtimalı buna imkan vermir. Böhrandan qurtulmaq istəyən qitəyə stabil, riskdən uzaq enerji mənbələrindən “qidalanmaq” lazımdır. Bu bölgə isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionudur.

Digər tərəfdən Avropa iqtisadiyyatı maliyyə böhranından qurtarmaq üçün həm xarici sərmayə cəlb etməyə, həm də sərmayə yatırmaq üçün perspektivli bazarlara ehtiyac duyur. Bu bazar Asiya regionudur. Avropanın Asiyaya çıxışı isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan keçir. Bu səbəbdən «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq» mövzusunda I Dünya İqtisadi Forumunun (Davos Forumu) Bakıda keçirilməsi məqsədyönlü xarakter daşıyır. Enerji resursları, insan ehtiyatları ilə zəngin, tranzit imkanları yüksək olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionu perspektivdə Avropanın mövcud tələbatlarını tam şəkildə ödəməyə qadirdir.

Bakıda ən yüksək səviyyədə aparılan strateji dialoqun uğurla nəticələnməsi əslində Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun deyil, ilk növbədə Avropa iqtisadi məkanının gələcəyini müəyyənləşdirəcək.

Forum Avropanın siyasi, iqtisadi və maliyyə dairələri üçün ilk növbədə bu iki regionun təqdimatı baxımından əhəmiyyət daşıyır. Növbəti on illikləri əhatə edəcək inkişaf ssenarilərin və strateji planlaşmanın aparılması üçün ilk növbədə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun dünya iqtisadiyyatında yerinin daha dəqiq müəyyənləşməsi vacibdir. Forum bölgənin nəqliyyat, infrastruktur, aqrar sektor, dağ-mədən sənayesi, maliyyə, telekommunikasiya sektorunun malik olduğu potensial haqqında tövsiyələr hazırlamağa və bu potensialdan maksimum yaralanmaq üçün ssenarilər qurmağa imkan verəcək. Avropa 80 milyondan çox əhalisi, 4,2 milyon kvadrat kilometr ərazisi olan bu bölgənin potensialından öz tələbatlarını ödəmək üçün istifadə etmək istədiyini gizlətmir. İnsan resursları ildən-ilə tükənən Avropa 15-20 il sonra istər iqtisadi potensialına, istər insan resurslarına görə onu üstələyəcək bir bölgə ilə üz-üzə olduğunu yaxşı anlayır, buna görə Cənubi Qafqaz və Mərkəzi Asiya ilə indidən əməkdaşlıq münasibətləri qurmaqda, bu amili öz iqtisadi inkişafının, siyasi mövcudluğunun təminatına çevirməkdə maraqlıdır. Dünən işinin başa vurmuş «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq» mövzusunda I Dünya İqtisadi Forumunun (Davos Forumu) hədəf və məqsədləri də budur.

Forumun keçirilməsi ilə bağlı razılaşma yanvar ayında Davosda əldə olunub. Məkan olaraq Bakının seçilməsinin səbəbi isə ölkəmizin a) Cənubi Qafqazda ən inkişaf etmiş iqtisadiyyata malik olması, b) Avropanın enerji ilə təminatında əhəmiyyətli rol oynamağa başlaması, c) Azərbaycanın müasir Avropa ilə mühafizəkar Mərkəzi Asiya regionu arasında yerləşən, hər iki xüsusiyyəti özündə əxz etdirən ölkə olması, d) iddialı Bakı-Tiflis-Qars dəmiryolu layihəsini həyata keçirməklə Asiya ilə Avropa arasında ən önəmli tranzit nöqtəsinə çevrilməsi və s. amillərdir.

Postsovet Məkanının Tədqiqi Mərkəzinin baş direktor müavini Aleksandr Karavayev forumun Bakıda keçirilməsi qərarı verilərkən bir neçə amilin nəzərə alındığını bildirir: “Azərbaycan paytaxtı artıq çoxdandır ki, irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakıda kifayət qədər inkişaf etmiş infrastruktur var. Digər tərəfdən Azərbaycanın əhatə edən əsas regional mərkəzlərə çıxış baxımından da bu seçim uğurludur. Tədbir Bakıda keçirildiyinə görə bura Avropanın, Asiyanın, Rusiyanın biznes dairələrinin nümayəndələri gələ bilər”.

Forum Azərbaycanın investisiya mühitinin, sərmayə yatırımı potensialının, tranzit imkanlarının təqdimatı baxımından mühüm rol oynayıb. Bu tədbir həm də Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın imkanlarının dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmiş oldu. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında ən azı 100 il mühüm rol oynayacağına dair ən yüksək səviyyədə səsləndirilən bəyanat Avropanın nəzərində Azərbaycanın dəyərini daha da artırır.

Forum Azərbaycanın dünyadakı imicində

  • “stabil ölkə” (130 milyard dollar sərmayə yalnız stabil ölkənin iqtisadiyyatına yatırıla bilər),
  • “sabit enerji təminatçısı olan ölkə” (enerji resurslarının dünya bazarına nəqlinin şaxələndirilməsinə dair uğurlu layihələr),
  • “tranzit imkanları son dərəcə yüksək olan ölkə” (İlin sonlarında Bakı-Tiflis-Qars layihəsinin reallaşması bu imkanları daha da artıracaq),
  • “iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkə” (ölkə iqtisadiyyatının həcminin son on ildə üç dəfə artması),
  • “kosmik sənayeyə malik ölkə” (Azerspace-1 peykinin kosmik fəzaya çıxarılması),
  • “əlverişli coğrafi mövqedə yerləşən ölkə” (Avropa ilə Asiya arasında körpü)

ştrixlərini daha da qabartmış olub. Azərbaycanın forumda açıqladığı iqtisadi inkişaf hədəfi (növbəti 8-9 ildə ümumi daxili məhsulun həcminin 2 dəfə artırılması) iddialı göründüyü qədər də realdır. Sözsüz ki, forum iştirakçılarına açıqlanan bu göstəricilər və hədəflər bölgə ilə bağlı inkişaf ssenarilərində pozitiv faktor kimi nəzərə alınacaq.

Forumun real nəticələri barədə danışmaq hələ tezdir. Real nəticələr keçirilən təqdimatlar əsasında hazırlanan tövsiyələrdən və dünyanın aparıcısı siyasi, iqtisadi və maliyyə institutlarının bu tövsiyələr əsasında hazırlayacağı inkişaf ssenarilərindən asılı olacaq. Bir məsələ isə dəqiqdir – istənilən inkişaf ssenarisinin uğuru regiondakı riskləri minimuma endirməkdən asılıdır. Avropanın Asiyaya qapısı olan Cənubi Qafqazda stabillik üçün ən böyük risk həlli uzadılmış münaqişələrdir. Bu münaqişələrin həlli artıq təkcə region dövlətləri üçün deyil, həm də böhrandan qurtarmağa can atan Avropa üçün əhəmiyyət kəsb etməyə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR