İranda 10 nəfər edam edilib

İranda 10 nəfər edam edilib
# 19 fevral 2014 06:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 10 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar.

Belə ki, İranın Kirman vilayətində 4 nəfər üzərlərində ümumilikdə 703 kq tiryək və 23 kq heroinlə tutulublar. Onlar Kirman İnqilab Məhkəməsinin ikinci və üçüncü şöbələri tərəfindən narkotik maddələrin daşınması və saxlanılması ittihamı ilə edam cəzasına məhkum ediliblər. Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Kirman şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Eyni zamanda İranın Qəzvin vilayətində də biri əhalinin gözü qarşısında olmaqla 4 nəfər edam edilib. Şəhərin “Ana” meydanında dara çəkilən məhbusun yalnız baş hərfləri qeyd olunub, ancaq onun Qəzvin şəhərinin sakinin və 44 yaşında olduğu bildirilib. Məhbus üzərində 8 kq heroinlə tutulduğundan açıq şəkildə edam cəzasına məhkum edilib. Digər üç məhbus isə həbsxana daxilində edam olunub. Bunlar Hüseyn Lüttfi Xəsali, Cəlal Təlimxani və Mahmud Hüseynidir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 18-də səhər saatlarında Qəzvin şəhərinin həbsxanasında icra edilib.

Bundan başqa, İranın Zəncan vilayətində daha 2 nəfər dara çəkilib. Məhbuslar üzərlərində 3 kq 905 qram heroinlə tutulduğundan Zəncan İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən narkotik maddələrin daşınması və saxlanılması ittihamı ilə edam cəzasına məhkum ediliblər. Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 18-də səhər saatlarında Zəncan şəhərində icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR