Azərbaycan prezidenti Rusiya baş nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti Rusiya baş nazirinin müavinini qəbul edib
# 19 iyun 2014 15:49 (UTC +04:00)

APA-nın məlumatına görə, görüş zamanı dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Prezident İ.Əliyev hərbi-texniki sahədə də konstruktiv əməkdaşlığımızın daha da genişləndiyini, bu əməkdaşlığın müsbət nəticələr verdiyini və yaxşı perspektivlərə malik olduğunu diqqətə çatdırıb. Dövlət başçısı D.Roqozinin eyni zamanda Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd edib.

İ.Əliyev ikitərəfli münasibətlərimizin inkişafına Azərbaycanın da önəm verdiyini vurğulayaraq Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasını strateji əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində ölkələrimizin birgə səylərinin yaxşı nəticəsi kimi dəyərləndirib.

D.Roqozin isə Azərbaycanla Rusiya arasında iqtisadi, ticarət və digər sahələrdə münasibətlərimizin inkişafına dair prezident İ.Əliyevin söylədiyi fikirləri yüksək qiymətləndirdiyini bildirib. D.Roqozin Rusiya tərəfinin Azərbaycan xalqı və dövləti ilə münasibətlərə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib, Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.

Dövlət başçısı iki ölkənin birgə səyləri ilə əməkdaşlığımızın bundan sonra daha da genişlənəcəyinə və Rusiya-Azərbaycan birgə komissiyasının qarşıdakı dövrlərdə fəaliyyətinin əməli nəticələr verəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR