Nazir: “Bu gün bütün dünyanın turistləri Azərbaycana gəlsə, onları harada yerləşdirəcəyik?”

Nazir: “Bu gün bütün dünyanın turistləri Azərbaycana gəlsə, onları harada yerləşdirəcəyik?”
# 04 iyul 2014 09:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Nazirlik turizm obyektlərində otaqların qiymətini müəyyənləşdirə bilməz. Məsələn, filan otağın qiyməti bu cür olsun, başqa otağın qiyməti başqa məbləğdə. Bu, nazirlik üçün dövlət qanunvericiliyində nəzərdə tutulmayıb”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, bütün sahibkarlar təhlükəsizlik qaydalarına lazımı qədər məsuliyyətlə yanaşmırlar: “Əgər onlar qaydalara riayət etmirlərsə, deməli, biz inzibati tədbirlər görməliyik. Bizim məqsədimiz ondan ibarətdir ki, Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər bütün hotellər lisenziyalaşdırılsın. Monitorinqlər onu göstərir ki, turizm obyektlərində normal şərait yaradılıb. Düzdür, mən mətbuatda oxuyuram ki, guya Azərbaycana gələn turistlərin sayı azdır, qiymətlər bahadır və s. Bilmək lazımdır ki, qiymətləri bazar özü müəyyənləşdirir. Son üç ildə qiymətlərdə müəyyən endirimlər var”.

Nazir əlavə edib ki, son illər turistlərin sayında artım qeydə alınıb: “Bu gün gözləməməliyik ki, birdən-birə turistlərin sayında 100 faiz artım olsun. Bir neçə il əvvəl 400 min turist sayından danışa bilirdiksə, bu gün iki milyon yarım turist qarşılayırıq. Nəzərə almaq lazımdır ki, bizim hotellərimiz birdən-birə beş milyon turisti qəbul etməyə hazır deyil. Bizim məqsədimiz 2017-ci ilə qədər Azərbaycana gələn turistlərin sayını dörd milyona çatdırmaqdır. Bu gün qapıları açsaq ki, bütün dünyanın turistləri Azərbaycana gəlsin, bu mümkün deyil. Onlara xidməti kim göstərəcək, harada yerləşdirəcəyik?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR