Əhalinin «Azəriqaz»a olan borcu ötən il 7% azalıb

Əhalinin «Azəriqaz»a olan borcu ötən il 7% azalıb
# 15 yanvar 2014 14:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyində əhali sektoru üzrə 2,202 mlrd. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında təxminən 2% artıq vəsait toplanıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib. Həmin dövr ərzində yaranmış debitor borc 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilir.

Qeyd edək ki, güzəştsiz əhali kateqoriyası üzrə ötən ilin yanvarın 1-nə mövcud olan debitor borc il ərzində 7,2% azalıb. Yığım isə 102,9% təşkil edib. Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə ümumilikdə bu rəqəm 104%, regionlar üzrə isə 101,9% olub.

Ölkə üzrə ən yüksək yığım göstəricisi Xızı rayonunda (121,44%), Bakı şəhərinin rayonları içərisində isə ən yüksək göstərici Sabunçu rayonunda (107,33%) qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə, əhali sektoru üzrə 110 686 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR