Azərbaycanda 18 sığorta şirkətində geriləmə davam edir

Azərbaycanda 18 sığorta şirkətində geriləmə davam edir
# 18 noyabr 2014 10:28 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, şirkət 10 ayda 45,6 mln. manat sığorta haqqı toplayıb.

Sonrakı yeri tutan “Azərsığortanın”nın yığımları 37,2 mln. manat, “Paşa Həyat Sığorta”nın yığımları 35,1 mln. manat olub. Sığorta yığımlarının həcminə görə, ilk beşliyi “Atəşgah Həyat” (32,6 mln. manat), “AzSığorta” (30,7 mln. manat) şirkətləri tamamlayır.

Ümumilikdə, bazarın təxminən 51%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Əmrah Sığorta” (858 min manat), “Era-Trans” (415 min manat), “Azərqarant” (361 min manat), “Günay Sığorta” (154 min manat), “Çartis Azərbaycan” (152 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,94 mln. manat olub və ümumi sığorta yığımlarının təxminən 0,5%-ni təşkil edib.

Ümumilikdə 28 sığorta şirkətinin 11-də sığorta haqlarının həcmi 10 mln. manatdan artıq, 5 şirkətdə 5-10 mln. manat arasında, 6 şirkətdə 1-5 mln. manat arasında, 6 sığorta şirkətində isə 1 mln. manatdan aşağıdır. Şirkətlərdən 10-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR