Xanlar Vəliyev: "Xocalı, Qaradağlı, Meşəli və Bağanıs-Ayrım faciələri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir"

Xanlar Vəliyev: "Xocalı, Qaradağlı, Meşəli və Bağanıs-Ayrım faciələri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir"
# 25 fevral 2015 11:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Aparılan araşdırmalar sübut edir ki, əsgərlərin məişət işlərinə cəlb edilməsi, tutaq ki, yeməkxanada əsgərin naryada çıxması bir çox hallarda şəxsi heyət arasında qarşılıqlı münasibətlərin pozulmasına gətirib çıxarırdı. Əslində həqiqi hərbi xidmətə çağırılan gənclərimiz müvafiq müddətdə yalnız döyüş vərdişlərinə yiyələnməli, silah və hərbi texnikaların sirlərini dərindən öyrənməli və torpaqlarımızın keşiyində dayanan hazırlıqlı döyüşçü kimi formalaşmalıdır”.

APA-nın məlumatına görə, bu sözləri Hərbi Prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.

X. Vəliyev şəxsi heyətin təsərrüfat-məişət qayğılarının mülki vətəndaşlara həvalə edilməsini çox vacib adlandırıb: “Bu yaxınlarda cəbhə xəttində yaradılmış müasir əsgər yeməkxanasında olduq, şəxsi heyətlə birgə nahar etdik. Onlar üçün hazırlanmış yeməklər əvvəlki kimi deyildi, indi təcrübəli aşpaz qadınlardan ibarət qulluqçular əsgərlər üçün milli xörəklər hazırlayır, ərzağın, çörəyin keyfiyyəti çox yaxşıdır. Şəxsi heyətin təsərrüfat-məişət qayğılarının mülki vətəndaşlara həvalə edilməsi çox önəmlidir”.

Hərbi prokuror son illər ölkədə hərbi cinayətlərin sayının kəskin surətdə azaldığını bildirib: “Ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq son illərdə ölkədə hərbi cinayətlərin sayı kəskin surətdə azalmaqdadır. Konkret olaraq 1992-1993-cü illərlə müqayisədə bütövlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı təqribən yüz dəfələrlə, hərbi xidmətdən yayınma cinayətlərinin, o cümlədən fərarilik cinayətlərinin sayı min dəfələrlə, qəsdən adamöldürmə cinayətlərinin sayı iki dəfə azalıb, döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri isə, ümumiyyətlə qeydə alınmayıb”.

Xocalı, Qaradağlı, Meşəli, Bağanıs-Ayrım faciələri ilə bağlı, habelə əsir düşmüş soydaşlarımıza işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin digər cinayət əməlləri ilə əlaqədar Respublika Hərbi Prokurorluğunda intensiv istintaq-əməliyyat tədbirlərin davam etdirildiyini qeyd edən X. Vəliyev gənclərə vətənpərvərlik hisslərinin yetərincə təbliğ olunmadığını da əlavə edib: “Ölkəmizdə televiziya kanallarının, medianın, internet saytlarının bolluğuna baxmayaraq, çox təəssüf ki, hələ də bu sahədə vəziyyət tələb olunan səviyyədə deyil. Gənclərə vətənpərvərlik hissləri yetərincə təbliğ olunmur, onlara yüksək mənəvi dəyərlərimiz lazımınca aşılanmır”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR