AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının ilk iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının ilk iclası keçirilib
# 15 noyabr 2013 10:42 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının ilk iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin rəhbərləri, elmi müəssisələrin direktorları iştirak ediblər.

Tədbiri giriş sözü AMEA prezidenti akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib: “Şura AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli qərarı ilə yaradılıb. Məqsəd AMEA-da idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr arasında qarşılıqlı əlaqələrin yaradılması, onların iş təcrübəsinin ümumiləşdirilməsi, tədqiqat işlərinin aparılması üçün səmərəli mexanizmlərin hazırlanması, həmçinin inzibati-idarəetmə heyətinin peşəkarlığının yüksəldilməsidir”.

İclasın gündəliyindəki ilk məsələdən söhbət açan akademik bildirib ki, AMEA-nın elmi müəssisələrinin hesabat formatlarının müasir tələblərə cavab vermir: “Bu baxımdan hesabatların forma və tərtibatlarına diqqət yetirməyi tövsiyə edirəm. Bölmələrin fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə mütəmadi iclasların keçirilməsi və bu kimi görüşlərdə müvafiq dövlət təşkilatlarından mütəxəssislərin iştirakı da zəruridir”.

Akademiyada həyata keçirilən mühüm işlərin KİV-də işıqlandırılmasının vacibliyini vurğulayan A.Əlizadə qeyd edib ki, aparılan elmi-tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdəndir və AMEA-nın bütün institut və təşkilatlarında ictimaiyyətlə əlaqələrə məsul şəxslərin müəyyənləşdirilməsi də vacibdir.

AMEA prezidenti elmi kadr hazırlığı məsələsinə də toxunub: “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi Rəyasət Heyətinə təqdim olunan alimlər gələcək kadrlar kimi böyük potensiala malikdirlər. Elmi müəssisələrin rəhbərləri onların tədqiqatlarının daha da inkişaf etdirilməsinə çalışmalıdır. Gənc tədqiqatçılar Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilməli, onların tədqiqat işlərinin nəticələri elmi şuralarda müzakirə olunmalıdır”.

“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın yekunlaşmaq üzrə olduğunu xatırladan akademik A.Əlizadə AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanmasını tövsiyə edib və bildirib ki, Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının kollektivləri bu istiqamətdə öz təkliflərini Rəyasət Heyətinə təqdim etməlidirlər.

AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev alimlərin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər haqqında çıxış edib: “AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin mənzil problemlərinin həlli ilə yanaşı, yaxın gələcəkdə akademiyanın nəzdində müasir tələblərə cavab verən tibbi, ticarət və istirahət mərkəzlərinin də yaradılacağı nəzərdə tutulur”.

Gündəlikdəki məsələlərlə bağlı AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, müxbir üzv Kamal Abdullayev, AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, müxbir üzv Vaqif Abbasov, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, müxbir üzv Adil Qəribov, Şamaxı Astrofizika Rəsədxanasının direktoru, müxbir üzv Əyyub Quliyev, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva və başqaları öz çıxışlarında görüşün əhəmiyyətini vurğulayaraq, Direktorlar Şurasının təsis olunmasını, elmi qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində böyük rol oynayacağını bildiriblər.

İclasda Azərbaycan alimlərinin qurultayı və elm festivalına hazırlıq, institut və təşkilatların idarəetmə sisteminin gücləndirilməsi, doktoranturaya qəbul və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.

Akademik Akif Əlizadə AMEA-nın 70 illik yubileyi, Azərbaycan alimlərinin I qurultayı və Elm Festivalına hazırlıq haqqında da danışıb. Həmçinin Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının iclasının Bakıda keçirilməsi təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR