Azərbaycan “Tütün və Sağlamlıq” üzrə 6-cı Avropa konfransında iştirak edib

Azərbaycan “Tütün və Sağlamlıq” üzrə 6-cı Avropa konfransında iştirak edib
# 03 aprel 2014 09:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Türkiyənin İstanbul şəhərində “Onkoloji xəstəliklərin Tədqiqatı və Nəzarəti üzrə Türkiyə Assosiasiyası”nın “Tütün və Sağlamlıq Milli Koalisiya”sı ilə əməkdaşlığı, “Avropa Onkoloji Liqalar Assosiasiyası”nın dəstəyi ilə “Tütün və Sağlamlıq” üzrə 6-cı Avropa konfransı keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tütünə nəzarət üzrə beynəlxalq konfransda bu il Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil edib.

“Tütünsüz Avropa və dünyaya doğru” şüarı ilə keçirilən konfransda Avropada tütünə nəzarət təcrübəsinə nəzər yetirilib, tütünlə mübarizədə nailiyyətlər və problemlər sadalanıb. Eləcə də tütün tüstüsündən azad ictimai yerlər barədə qanunvericiliyin onilliyi və növbəti addımlardan, tütün məmulatlarının marketinqinin vəziyyəti, problemə qarşı cavab tədbirləri, tütünün zərərləri ilə siyasi, hüquqi və elmi çərçivədə mübarizə yollarından söhbət açılıb.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri T. Musayevin “Azərbaycanda gənclərin tütündən istifadəsi” mövzusunda poster təqdimatı geniş maraqla qarşılanıb. Ölkə nümayəndələri bilik və təcrübə mübadiləsi apararaq tütünə nəzarətin səmərəliliyinin artırılması yollarını müzakirə ediblər. Konfrans vahid platformaya əsaslanaraq tütünə nəzarət mütəxəssisləri, tədqiqatçılar, siyasətçilər, təşviqatçılar və digər həmkarlar üçün görüşmək, bilik və bacarıqları təkmilləşdirmək və tütünə nəzarət üzrə ən uğurlu təcrübələri bölüşdürmək üçün imkan yaradıb. Konfrans Avropa və qlobal səviyyədə tütünə nəzarət işinə kömək etmək məqsədilə bütün fəaliyyətlərə təkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR