Qətldə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya məhkəməsi başlayıb

Qətldə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya məhkəməsi başlayıb
# 03 aprel 2014 09:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində silahlı insident nəticəsində adam öldürməkdə və ölümə sui-qəsddə təqsirli bilinən Əsəd Əliyev, Məhəmməd Əliyev və Seymur Əliyevin apellyasiya şikayətləri əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə aprelin 16-na təyin edilib.

Qeyd edək ki, ötən il yanvarın 6-da, axşam saatlarında Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində Ə. Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində "Makarov" tipli tapançadan Elçin Əliyevin alın, Sadiq Musayevin ayaq nahiyəsinə atəş açıb, Elxan Bayramzadənin isə ürək nahiyəsinə bıçaq xəsarətləri yetiriblər. 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən yaralılardan E.Əliyev və E.Bayramzadə orada dünyalarını dəyişiblər. S.Musayevin isə həyatını xilas etmək mümkün olub.

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Sabunçu rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əsəd və Məhəmməd Əliyevlər tutulublar. Onlardan "Makarov" tipli tapança və bıçaq götürülüb. İstintaqın gedişi zamanı cinayətin digər iştirakçısı S.Əliyev də tutularaq məsuliyyətə cəlb edilib.

İstintaqla müəyyən edilib ki, hadisədən bir gün əvvəl idarə etdikləri avtomaşınlarla biri-birilərinə yol vermədiklərinə görə Ə.Əliyevlə S.Musayev arasında mübahisə baş verib. Bu zaman S.Musayev və onunla birlikdə olan E.Bayramzadə Ə.Əliyevi yumruqla vurublar. Ertəsi gün Ə.Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur E. Bayramzadə, E. Əliyev, Sadiq və Tahir Musayev qardaşları ilə Balaxanı qəsəbəsində görüşərək məsələyə aydınlıq gətirmək istəyiblər. Lakin mübahisə daha da böyüyüb, bu zaman T. Əliyev üstündə gəzdirdiyi "Makarov" tipli tapançadan atəş açaraq E. Əliyevi baş, S. Musayevi sağ bud nahiyəsindən yaralayıb, M. Əliyev isə E. Bayramzadəni ürək nahiyəsindən bıçaqla vurub.

Silahlı insidentdə hücuma məruz qalanlardan biri Sadiq Musayev Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin qardaşı oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Əliyev 15 il, Əsəd Əliyev 13 il 6 ay, Məhəmməd Əliyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR