Azərbaycanın Qahirədəki səfiri: “Misirə qayıdan vətəndaşlarımız səfirliyə bu barədə məlumat verməlidir”

Azərbaycanın Qahirədəki səfiri: “Misirə qayıdan vətəndaşlarımız səfirliyə bu barədə məlumat verməlidir”
# 07 noyabr 2013 14:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən hətta sabit ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərə belə təhlükəsizliklə bağlı daim təlimatlar verilir: “Yaxın Şərq də elə yerdir ki, dünən sakitlik olub, bu gün isə hər yer qarışdır. Səfirlik yerləşən ərazidə də daim gərginlik var. Çalışırıq ki, ehtiyatlı olaq”.

Azərbaycan vətəndaşlarının Misirdə olub-olmaması və ya qayıtması ilə bağlı məsələyə toxunan səfir xatırladıb ki, diplomatlar bir müddətdir Qahirəyə qayıdıb: “Məlumatımıza görə, bəzi Azərbaycan vətəndaşları da qayıdıb. Amma onlar gəlib qeydiyyatdan keçmirlər, zəng etmirlər, məlumat vermirlər, biz də ordan-burdan xəbər tuturuq ki, onlar gəliblər, ya da işləri düşəndə müraciət edirlər. Bu, vətəndaşa məxsus bir psixologiyadır. İşi yoxdursa, vətəndaş düşünür ki, hesabat verməyə ehtiyacı yoxdur. Amma narahat ölkələrdə biz məsləhət görürük ki, heç olmasa bildirsinlər, təmasları olsun, çünki bu onların maraqlarına uyğundur. Bu bizim borcumuzdur və dövlətin siyasətidir ki, hər bir vətəndaşa diqqət yetirək”.

“Azərbaycanın keçid dövrünü yaşayan Misirə nə cür köməklik göstərə bilər” sualına cavab verən Ş.Abdullayev bildirib ki, Misir rəsmiləri tez-tez Azərbaycan tərəfə müraciət edirlər: “Biz bəlkə bundan da çətin mərhələni sovet imperiyası dağılandan sonra yaşamışıq. Azərbaycan müharibəyə cəlb olundu, torpaqları işğal olundu, lakin Misirdə belə şeylər yoxdur. Biz də onlara bildiririk ki, siz daha əlverişli vəziyyətdəsiniz. Bu demokratiyadır və əfsuslar olsun ki, Qərb bu məfhumu özünə lazım olan kimi formallaşdırır. Əvvəl anarxiya olur, sonra demokratik prinsiplər cəmiyyətdə öz yerini alır. Biz də onlara bir növ ümid veririk ki, biz də bu mərhələni keçmişik, öz təcrübəmizlə bölüşürük”.

Misirdə mövcud vəziyyəti nəzərə alaraq iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyəti barədə toxunan səfir deyib ki, Misirin Azərbaycana marağı böyükdür: “Onlar Azərbaycanda gedən tərəqqini izləyir, inkişafını görür, bizim imkanlarla tanış olurlar. Amma indiki mərhələdə biz də çox düşünməliyik. Təbii, əvvəl siyasi sabitlik əldə olunmalr, müvafiq mühit formalaşmalıdır. İndi Şarm əş-Şeyxə, Xurqadaya turistlərin gəlməsi ötən dövrlərdəki həcmin 70-80 faizini təşkil edir. Misirdən Azərbaycana əsasən dərman preparatları idxal olunur, biz də əsasən onlara neft ixrac edirik, çünki onların buna ehtiyacı var. Azərbaycan iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir, amma bunun üçün şərait olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR