Təhsil Nazirliyi: Doktoranturaya qəbul planı təsdiq olunduqdan sonra qəbula başlanacaq

Təhsil Nazirliyi: Doktoranturaya qəbul planı təsdiq olunduqdan sonra qəbula başlanacaq
# 17 sentyabr 2013 11:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Respublika üzrə doktoranturaya qəbul planı Nazirlər Kabineti tərəfindən hələ ki təsdiq edilməyib. Ona görə də Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktoranturaya qəbulun vaxtı dəqiqləşməyib”.

Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Gültəkin Hüseynova məlumat verib. O bildirib ki, hökumət tərəfindən qəbul planı təsdiq olunandan sonra ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən plan yerləri haqqında məlumatlar mətbuatda işıqlandırılacaq və yerlərə çatdırılacaq. Şöbə müdirini sözlərinə görə, bundan sonra Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktoranturaya sənəd qəbuluna başlanacaq. Qəbul imtahanlarının isə oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində elmi və elmi-pedaqoji kadr hazırlığı doktorantura və dissertantlıq yolu ilə iki proqram – fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 400 yer, o cümlədən dövlət sifarişli 279 yer, ödənişli 121 yer, dissertantlıq yolu ilə hazırlıq üzrə 351 yer, o cümlədən dövlət sifarişli 254 yer, ödənişli 97 yer nəzərdə tutulub. Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 69 yer, o cümlədən dövlət sifarişli 68 yer, ödənişli 1 yer, dissertantlıq yolu ilə hazırlıq üzrə 93 yer, o cümlədən dövlət sifarişli 89 yer, ödənişli 4 yer nəzərdə tutulub. Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilmiş layihə 25 ali təhsil müəssisəsinin və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və ADNA-nın nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb. Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR