Azərbaycanda dərsliklərin təkmilləşdirilməsi ilə bağlı həyata keçiriləcək yeniliklər açıqlanıb

Azərbaycanda dərsliklərin təkmilləşdirilməsi ilə bağlı həyata keçiriləcək yeniliklər açıqlanıb
# 11 dekabr 2013 14:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bu il dərsliklərin hazırlanması və çatdırılması, həmçinin onların monitorinqi və qiymətləndirilməsi, dərslik siyasəti, onun müxtəlif detalları və komponentləri ilə bağlı bir sıra önəmli addımlar atılıb. Amma düşünmürük ki, bu kifayətdir. Dərsliklərin keyfiyyətinin artırılması üçün daha çox, daha geniş tədbirlər görülməlidir”.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu tədbirlərdən biri də fənn kurikulumlarının, ümumiyyətlə, yeni tələblərin dərslik müəllifləri tərəfindən mənimsənilməsi məsələsidir: “Dərslik müəlliflərinin də fənn kurikulumlarını anlamsı, düzgün mənimsəməsi vacib şərtdir. Bu baxımdan müəlliflər üçün belə bir təlimlərin keçirilməsi ümumilikdə dərsliklərin keyfiyyətinin artırılmasına xidmət edir”.

Nazirlik rəsmisi qeyd edib ki, yalnız dərsliklərin deyil, müəllimlər üçün paralel hazırlanan vəsaitlərin də tələblərə daha da uyğunlaşması, sözün əsl mənasında, müəllimlər üçün vasitəyə çevrilməsi istiqamətində də təkmilləşdirmə işlərinin aparılması önəmlidir: “Bu tədbirlər uzun sürən bir proses olsa da, sonunda ümid edirik ki, müəyyən bir vaxt çərçivəsində dərsliklərin həm məzmunu, həm də müəllimlər üçün hazırlanan vəsaitlərin yardımçı vəsait olması baxımından əsaslı keyfiyyət dəyişikliyinə müsbət mənada nail olunacaq. Təhsil Nazirliyi ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatları ilə gələcəkdə bu istiqamətdə sıx əməkdaşlıq etmək niyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR