Beynəlxalq müfəttişlər Cenevrə razılaşmasının icrasına nəzarət üçün İrana səfər edəcək

Beynəlxalq müfəttişlər Cenevrə razılaşmasının icrasına nəzarət üçün İrana səfər edəcək
# 14 yanvar 2014 10:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri yanvarın 18-də İrana səfər edəcək.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi açıqlama verib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında nüvə sahəsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq Birgə Fəaliyyət Proqramının həyata keçirilməsinin böyük bir hissəsi rəsmi Tehranla agentlik arasındakı anlaşmalarla bağlıdır: “Ancaq həmin müfəttişlərin Cenevrə razılaşmasına uyğun olaraq İranda vəzifələndirmələri bu ölkədə davamlı qalacaqları mənasına gəlmir. Beynəlxalq agentliyin İranda daimi nümayəndəliyi olacağı ilə bağlı xəbər yalnız İran deyil, agentlik tərəfindən də təkzib edilib. Çünki belə bir mövzu əsla mümkün deyil”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə sahəsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq Birgə Fəaliyyət Proqramının yanvarın 20-də icraya yönəlməsi ilə Tehran 20% həddində zənginləşdirdiyi 196 kiloqram uranın yarısını 6 ayda 6 etapda oksidləşdirməli, digər yarısını isə azaltmalıdır. Bu əməliyyatın da texniki baxımdan 6 aydan az bir müddətdə reallaşacağı ifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR