Lənkəranda “Dolu” filminin nümayişi olub - FOTO

Lənkəranda “Dolu” filminin nümayişi olub - <span style="color: red;">FOTO
# 12 noyabr 2013 16:55 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Noyabrın 12-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində millət vəkili, yazıçı-publisist Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilmiş eyni adlı bədii filmin təqdimat mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, romanın və filmin ssenari müəllifi Aqil Abbas mərasimi giriş sözü ilə açaraq ilk növbədə Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.

Filmdəki hadisələr 1991-ci ildə Qarabağda cərəyan edir. Həmin dövrdə orduda hökm sürən hərc-mərclik, eləcə də könüllülərdən ibarət dəstələrin qəhrəmanlığı və şücaəti filmdə öz əksini tapıb.

A. Abbasın qeyd etdiyi kimi, həm romanda, həm də filmdə Lənkərandan başqa heç bir rayonun adı çəkilmir. Filmin əvvəlində döyüş səhnələri göstərilən hissədə “Lənkərandan 25 nəfər könüllü cəbhəyə köməyə gəlmişdir” sözləri səsləndirilir. Müəllifin sözlərinə görə, romanda və filmdə cərəyan edən hadisələr onun şəxsi müşahidələri əsasında qələmə alınıb. Lənkərandan olan 15 yaşlı gənc valideynlərindən xəbərsiz könüllü olaraq Qarabağa gedir və qəhrəmancasına şəhid olur. Atası cəbhə bölgəsinə yollanır və oğlunun meyitini ona verirlər. Ata isə oğlunu şəhid olduğu yerdəcə dəfn etdikdən sonra övladının avtomatını götürərək döyüşə gedir və oğlunun savaş yolunu davam etdirir. Müəllif məhz bu hadisədən təsirlənərək romanda və filmdə yalnız Lənkəranın adını çəkib.

Tədbirdə filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və müəllif onları tamaşaçılara təqdim edib. Daha sonra film nümayiş etdirilib.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Elxan Cəfərovdur. Baş rolu Məmməd Səfa ifa edir. “Drakon” rolunda Rza Rzayev, “Pələng” rolunda Elvin Əhmədov, “Katib” rolunda isə xalq artisti Fuad Poladov çəkiliblər.

Filmə baxış başa çatdıqdan sonra Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müəllifə və yaradıcı heyətə bütün lənkəranlılar adından minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR