Bakı Ali Neft Məktəbi ABŞ-ın Texas ştatının universitetləri ilə əməkdaşlıq əlaqələri qurub - FOTO

Bakı Ali Neft Məktəbi ABŞ-ın Texas ştatının universitetləri ilə əməkdaşlıq əlaqələri qurub - <span style="color: red;">FOTO
# 08 may 2014 10:05 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən böyük universitetlərdən biri olan Hyuston Universitetinə səfər edib.

Məktəbin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində hər iki təhsil ocağı arasında mütəxəssis hazırlığında əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə BANM-nin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov, Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva, Hyuston Universitetindən Qlobal Strategiya və Araşdırmalar üzrə prorektor, fəlsəfə doktoru Ceym Ortiz, Enerji məsələləri üzrə baş mütəxəssis, doktor Ramanan Krişnamurti, Mühəndislik fakültəsinin dekanı, doktor Jo Tedesko, dekanın müavini, doktor Sureş Xator, Neft-qaz mühəndisliyi proqramının rəhbəri, doktor Tomas Holli iştirak ediblər.

Nümayəndəliklərin görüşü və müzakirələr Hyuston Azərbaycan Mərkəzinin direktoru İradə Axundovanın dəstəyi ilə təşkil olunub. Müzakirələr nəticəsində BANM ilə Hyuston Universiteti arasında gələcək birgə əməkdaşlığın inkişafı üçün əsas rolunu oynayacaq Anlaşma Memorandumu imzalanıb.

Nümayəndə heyəti Texas Məzunlar Mərkəzinin və Texas Vadisi İcmaları Fondunun prezidenti Roland Arriola və bu qurumların icraçı direktoru xanım Mari Alis Reyeslə, Hyuston şəhərinin universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Nümayəndə heyətinin iştirak etdiyi digər görüşdə BANM-yə Texas Məzunlar Mərkəzi ilə neft-qaz yönümlü ixtisaslar üzrə birgə magistr hazırlığı həyata keçirmək, Mərkəzin kadr potensialından istifadə etməklə həm məsafədən (distant), həm də bilavasitə təlim texnologiyalarını tətbiq etmək yolu ilə mütəxəssislər üçün qısamüddətli kursların təşkilində iştirak etmək təklif olunub və belə xarakterli layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Nümayəndə heyətinin Hyuston şəhərində fəaliyyət göstərən, ABŞ-nın 100 qabaqcıl universitetlərinin sırasında 18-ci yeri tutan özəl Rays Universitetində keçirdiyi görüşdə rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin yaranma tarixi, əldə etdiyi uğurlar və fəaliyyətinin əsas hədəfləri haqqında məlumat verib, beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet təşkil etdiyini bildirib. Daha sonra görüş iştirakçıları hər iki ali təhsil müəssisənin magistr hazırlığı, doktorantura təhsili, ixtisasartırma və yenidənhazırlama kurslarının birgə həyata keçirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR