Azərbaycanda quşçuluq sahəsinin inkişaf perspektivlərinin araşdırılması üçün işçi qrupu yaradılıb - FOTO

Azərbaycanda quşçuluq sahəsinin inkişaf perspektivlərinin araşdırılması üçün işçi qrupu yaradılıb - <span style="color: red;">FOTO
# 24 yanvar 2014 09:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə quşçuluq sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri ilə görüş keçirilib, quşçuluq sahəsinin inkişafı perspektivləri müzakirə edilib. İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 40-dan çox quşçuluq təsərrüfatı rəhbərləri və Azərbaycan Sahibkarlar Konfederasiyası rəsmilərinin iştirak etdiyi görüşdə əhalinin quşçuluq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Görüşdə bildirib ki, sənaye üsulu ilə quş əti istehsalının torpaq vergisi istisna olmaqla bütün vergilərdən, eləcə də quşçuluq üçün avadanlıqların idxalının gömrük rüsumu və ƏDV-dən azad olunması, yeni texnologiyaların tətbiqi bu sahənin inkişafını daha da sürətləndirib, quşçuluq təsərrüfatlarının quş əti və damazlıq yumurta üzrə istehsal gücləri artıb. Digər dövlət dəstəyi tədbirləri ilə yanaşı, quşçuluq sahəsində investisiya layihələrinə güzəştli kreditlərin verilməsi də bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Belə ki, son illərdə SKMF tərəfindən müasir texnologiyalara əsaslanan və illik istehsal gücü 55 min ton quş əti, 84 mln. ədəd damazlıq yumurta və 164,5 mln. ədəd əmtəəlik yumurta olan 39 quşçuluq təsərrüfatının maliyyələşdirilməsinə 98 mln. manatdan çox güzəştli kredit verilib. Artıq 28 quşçuluq təsərrüfatı istifadəyə verilib, 2014-cü il ərzində isə daha 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir.

Görülən işlər nəticəsində son 3 ildə quş əti istehsalı 1,5 dəfədən çox artaraq 2013-cü ildə 97,3 min tona, o cümlədən sənaye üsulu ilə quş əti istehsalı 2,6 dəfə artaraq 55 min tona çatıb.

Bununla belə, quş ətinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi və bu sahədə ixrac potensialının yaradılması üçün geniş imkanlar var.

Sonda İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Quşçuluq Cəmiyyətinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması qərara alınıb. İşçi qrupuna quşçuluq sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahənin sürətli inkişafı üçün görüləcək tədbirlər barədə təkliflər hazırlamaq tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR