Dövlət qurumlarının dəniz limanlarına dair səlahiyyətləri müəyyənləşib

Dövlət qurumlarının dəniz limanlarına dair səlahiyyətləri müəyyənləşib
# 17 may 2014 07:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda limanların sərhədləri haqqında məlumatlar Müdafiə Nazirliyi tərəfindən verilən “Dənizçilər üçün bildirişlər”də və “Dəniz limanı üzrə məcburi qaydalar”da qeyd olunacaq.

APA-nın məlumatına görə, bu, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Limanın sərhədləri Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq. Müdafiə Nazirliyinin baza məntəqəsinin akvatoriyası liman ilə bitişik olduğu hallarda limanda məcburi qaydalar isə Müdafiə Nazirliyi ilə razılaşdırılacaq. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyekti isə yalnız müsabiqə əsasında icarəyə verilə bilər. Müsabiqənin keçirilməsi qaydası Azərbaycan prezidenti tərəfindən müəyyən ediləcək.

Limanın inşası, qurulması və maddi-texniki təchizatı başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən limanın fəaliyyətə başlamasına hazırlıq səviyyəsi yoxlanılır və müsbət nəticə olduğu təqdirdə, Nazirlər Kabineti tərəfindən açılması ilə bağlı qərar qəbul ediləcək. Nazirlər Kabinetinə limanın bağlanması barədə də qərar qəbul etmək səlahiyyəti də verilib. Nazirlər Kabineti Dəniz Limanları Reyestrini aparacaq, liman kapitanının fəaliyyəti ilə bağlı Əsasnamə, gəmi agenti haqqında Əsasnamə hazırlayacaq. Limanların akvatoriyasında gəmilər “Dəniz limanı üzrə məcburi qaydalar”a və Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş üzmə qaydalarına riayət etməlidir. Dövlət Dəniz Administrasiyası liman idarəsinin Nizamnaməsini təsdiqləyəcək, limanda dövlət nəzarətini həyata keçirəcək. Liman idarəsi Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Dəniz Administrasiyasına dəniz üzgüçülüyünün təhlükəsizliyinin və limanda qanunsuz müdaxilə aktlarından müdafiənin təmin edilməsinə, habelə limanda hadisələrin baş verməsinin səbəblərinin obyektiv, tam və hərtərəfli araşdırılmasının aparılmasına köməklik göstərməlidir.

Tarif (Qiymət) Şurası isə liman xidmətlərinə, liman qurğularının istismarı, yükdaşıma və dəniz üzgüçülüyünün təhlükəsiz fəaliyyəti ilə bağlı xidmətlərə görə tarifləri təsdiqləyəcək. Fərmana əsasən Tarif (Qiymət) Şurası bu xidmətlərlə bağlı tarifləri iki ay müddətinə təsdiq etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR