Moskvada tanınmış azərbaycanlı kinorejissor Əjdər İbrahimovun 95 illiyi qeyd olunub - FOTO

Moskvada tanınmış azərbaycanlı kinorejissor Əjdər İbrahimovun 95 illiyi qeyd olunub - <span style="color: red;">FOTO
# 30 aprel 2014 09:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında tanınmış azərbaycanlı kinorejissor, SSRİ xalq artisti olmuş Əjdər İbrahimovun 95 illiyi qeyd edilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Kino Evində təşkil olunmuş gecədə Əjdər İbrahimovla birgə çalışmış yaradıcı insanlar onun haqqında xatirələrini bölüşüb.

Tədbirdə çıxış edən SSRİ xalq artisti İrina Miroşniçenko Əjdər İbrahimovun onu bir neçə filmin qəhrəman etdiyini bildirib: "Biz ailəvi dost idik. Əjdər İbrahimovun həyatdan vaxtsız köçməsi məni sarsıdıb. Bu gün mən səhnədən anam haqqında mahnı oxudum, əslində bu mahnını Əjdərin dilindən oxudum. Çünki biz hər zaman bir yerə yığışarkən o, anamla uzun-uzun söhbət edərdi. O, dahi insan idi, təkrarolunmaz dahi..."

Mərhum kinorejissorun həyat yoldaşı Marqarita İbrahimova Ə. İbrahimovun Heydər Əliyevlə yaxın dost olduğunu söyləyib: "Onların dostluğu hələ cavanlıq dövründən olub. Axı Heydər Əliyev özü də səsi olan, rəsm çəkməyi bacaran, hətta teatr və kinonun incəliklərini çox yaxşı bilən bir insan idi. Deməliyəm ki, biz nə qədər Bakıda çalışmışıqsa, hər dəfə Heydər Əliyevin dəstəyini görmüşük. Əjdər ömrü boyu filmlərinin naturasını Bakıda çəkib, çünki Heydər Əliyev Bakıda idi və Əjdər əmin idi ki, dostu ona yaradıcılıq üçün hər biri şəraiti yaradacaq. Yadıma gəlir ki, Əjdər ona zəng edərkən o həmişə deyərdi ki, gəl Bakıya, iş qalsın bir kənarda, sənin özün üçün darıxmışam. Bax belə yaxın dost olublar”.

Əjdər İbrahimovla bağlı xatirələrini bölüşən tanınmış kino xadimi Marlen Xutsiev onun ömür və yaradıcılığı haqda deyilən hər bir xatirənin qürurverici olduğunu söyləyib: “Əgər Sovet İttifaqı ildə 150 kino istehsal edir və bu kinodan 10-u kino tarixinə daxil olurdusa, Əjdərin filmi mütləq o siyahıda olmalıydı. İstər texniki işçilər olsun, istər aktyorlar, istərsə də onu tanıyanlar, bir sözlə, hər kəs etiraf edir ki, “Qəribə adam”ın müəllifi xaraktercə qəribə olsa da, bu yaradıcılıq qəribəliyi insanlara sevgi və hörmət aşılayırdı. Deyilən xatirələrsə, Rəsul Rzanın məşhur kəlamını xatırladır: “Elə yaşa və çalış ki, həyatdan köçəndən sonra yerində parıltılı boşluq olsun”. Əjdər İbrahimov belə yaşayıb yarada bildi".

Qeyd edək ki, Əjdər İbrahimov “Bir məhəlləli iki oğlan”, “26 Bakı komissarı”, “Sevgim mənim, kədərim mənim”, “Ulduzlar sönmür”, “Qayınana” kimi məşhur filmlərin rejissoru və ssenari müəllifi olub. Ömrünü Azərbaycan kinosuna həsr edən Ə. İbrahimovun işi təkcə Azərbaycan və sovet kinosu ilə məhdudlaşmır. O, Vyetnam kino məktəbinin əsasını qoyub. Vyetnam üçün çəkdikləri filmlərlə Kann kino mükafatını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR