Müəllimlər arasında şahmat yarışının final mərhələsi keçirilib

Müəllimlər arasında şahmat yarışının final mərhələsi keçirilib
# 25 aprel 2014 09:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsi keçirilib. APA-nın xəbərinə görə, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında rayon, şəhər mərhələlərinin qalibi olan 72 nəfər müəllim iştirak edib.

Təhsil nazirinin müşaviri Hüseyn Əliyev bildirib ki, müəllimləri arasında şahmat yarışının keçirilməsində məqsəd şahmatı geniş təbliğ etmək və yaymaq, asudə vaxtı mənalı və səmərəli keçirməkdir. Onun sözlərinə görə, Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının keçirilməsi haqqında Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar imzalayıb. Qərara uyğun olaraq, yarışın birinci mərhələsi martın 10-dək ümumtəhsil məktəblərində, ikinci mərhələsi aprel ayının 10-dək şəhər və rayonlarda keçirilib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov da belə tədbirin keçirilməsini yüksək qiymətləndirib və müəllimlərə uğurlar arzulayıb.

Qeyd edək ki, olimpiya sistemi üzrə təşkil olunan final bir gün ərzində başa çatıb. Qaliblər və fəal iştirakçılar hər iki təşkilatın birgə Fəxri Fərmanı, diplomu ilə təltif olunub və onlara pul mükafatları verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR