Şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA - VİDEO

Şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 06 may 2014 12:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gülüstan Sarayında Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə müvafiq olaraq keçirilən müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olub.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa müsabiqəsi artıq 8-ci dəfədir təşkil edilir: “Respublika mərhələsinin iştirakçıları arasında 8 nəfər birinci yerə, 7 nəfər ikinci yerə, 11 nəfər üçüncü yerə layiq görülüb. 4-cü (həvəsləndirici) yer tutan 65 nəfər diplomla təltif olunub. 1-4-cü yerləri tutan 91 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı kitabda çap edilib. Müsabiqənin respublika mərhələsində 119 nəfər iştirak edib. Onlardan 10 nəfəri VIII, 29-u X, 28-i XI sinif şagirdidir. İlk peşə ixtisas təhsili müəssisələrini 14 nəfər, orta ixtisas məktəblərini isə 9 nəfər təmsil edib. Mart ayında yekunlaşan inşa müsabiqəsində ölkəmizin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər) mərhələsində 17 mindən çox şagird iştirak edib”.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib. Əli Əhmədov müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsini, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onlarda dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini söyləyib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov fondun prezidenti Mehriban Əliyevanın salamlarını toplantı iştirakçılarına çatdırıb və qaliblərin hər birini təbrik edib. Onun sözlərinə görə, bu il 10 may tarixində Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə yanaşı, Heydər Əliyev Fondunun 10 illik yubileyi qeyd olunacaq: “İnşa yazı müsabiqəsinin keçirilməsinin əhəmiyyəti yüksəkdir. Heydər Əliyev Fondunun da əsas məqsədi Heydər Əliyev irsini dərindən öyrənmək və gənclərə onu çatdırmaqdır”.

Sonra rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək müsabiqənin qaliblərini təbrik edib, onlara istədikləri ali məktəblərə qəbul olmalarını arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR