Azərbaycanda bu ilin əvvəlindən 11 min tondan artıq keyfiyyətsiz ərzaq məhsulu satışdan çıxarılıb

Azərbaycanda bu ilin əvvəlindən 11 min tondan artıq keyfiyyətsiz ərzaq məhsulu satışdan çıxarılıb
# 22 may 2013 15:48 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Qazaxda «Azərbaycanda istehlakçı hüquqları qorunur» mövzusunda konfransı keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda istehlakçı hüquqlarının qorunmasının həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, ölkədə bu sahəyə böyük diqqət göstərildiyini qeyd edib.

İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran A.Əliyev Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan mühüm önəm kəsb etdiyini vurğulayıb və bildirib ki, 2012-ci və bu ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 200 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 20 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb: «Maarifləndirmə tədbirləri hazırda da davam etdirilir. KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır».

Tədbirdə xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Rəis müavini A.Əliyev bildirib ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən müxtəlif nəzarət tədbirləri həyata keçirilir: «Dövlət Xidməti tərəfindən ötən il keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri qanunvericiliyin tələblərinə uyğun olmayan 84,6 ton, bu ilin ötən dörd ayında isə 11,1 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib».

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli» mövzularında məruzələrlə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR