Əli Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Əli Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
# 29 oktyabr 2013 14:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinə dair məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ə.Həsənov Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb və bu münaqişənin ölkəmizin ən ciddi problemi olduğunu bildirib. Onun sözlərinə görə, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard dollar məbləğində vəsait sərf olunub. Qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınıb. Bu qəsəbələrdə 180 min qaçqın və məcburi köçkün yerləşdirilib. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, Ermənistanın təcavüzkar siyasəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilib, işğal altındakı ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması, öz doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilib: “Təəssüf ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymur. Bütün bu tələblər sadəcə kağız üzərində qalıb”.

Ə.Həsənov deyib ki, Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunub. O qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə qarşı tolerant yanaşma mövcuddur. Ölkəmizdə xarici investorlar üçün də hər cür şərait yaradılıb. Azərbaycan hər kəs üçün açıq olan bir ölkədir.

Görüşdə Avropa İttifaqı tərəfindən məcburi köçkünlərlə bağlı gələcəkdə həyata keçiriləcək bir sıra layihələrlə bağlı müzakirələr aparılıb. Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduğunu, Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkün olduğunu deyən Filip Lefort deyib ki, bu münaqişə təkcə Azərbaycan deyil, bütün region üçün ciddi problemdir. O, münaqişənin qısa müddətdə nizamlanması üçün Avropa İttifaqının köməklik etməyə hazır olduğunu bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR