Azərbaycanda 2013-2014-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı təsdiq edilib

Azərbaycanda 2013-2014-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı təsdiq edilib
# 05 oktyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı təsdiq edilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən 2013-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 19 660 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 17 720 nəfər, ödənişli əsaslarla 1940 nəfər, buraxılış planı 16 527 nəfər, ödənişli əsaslarla 1 578 nəfər olmaqla təsdiqlənib. Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılacaq.

İlk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırılıb ki, 2013/2014-cü tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun şagird qəbulunun həyata keçirilməsi təmin edilsin, informasiya və kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq şagird qəbulu prosesində şəffaflığın təmini üçün müraciət edənlərin “Peşə Sisteminə Dəstək Sistemi” (psds.edu.az) portalında qeydiyyatdan keçirilməsi təmin edilsin, şagird qəbulu zamanı müraciət edənlərin seçdikləri ixtisas üzrə bilik və bacarıqlarını yoxlaya bilmək üçün müvafiq kriteriyalar müəyyən edilsin, qəbul zamanı şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara üstünlük verilsin, müraciət edənlərin özlərinə və onların valideynlərinə seçdikləri ixtisas və təhsil alacaqları ilk peşə-ixtisas təhsili müəssisəsi haqqında geniş məlumat verilsin, qəbul planına müvafiq olaraq dərs cədvəlləri müəyyənləşdirilsin və sentyabr ayının 30-na qədər vakansiyalar barədə məlumat Təhsil Nazirliyinə təqdim edilsin.

Texniki-peşə təhsili şöbəsinə tapşırılıb ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə bağlı mütəmadi monitorinqlər təşkil edilsin və lazımı metodiki dəstək göstərilsin və şagird qəbulu ilə bağlı daxil olmuş şikayət və təkliflərin Daxili nəzarət şöbəsi ilə birgə araşdırılıb, lazımı tədbirlərin görülməsi təmin edilsin.

İşəgötürən təşkilat və müəssisələrin tələbatına uyğun peşələr üzrə şagird qəbulu planında dəyişiklik edilməsi zərurəti yarandıqda, bu məsələ nazirliyin razılığı ilə təsdiq edilmiş ümumi qəbul planı daxilində həll edilməlidir. Əmrin icrasına nəzarəti təhsil naziri Mikayıl Cabbarov öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR