Azərbaycanın iqtisadiyyat və sənaye naziri Tatarıstan baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Tatarıstan baş nazirinin müavini ilə görüşüb
# 03 dekabr 2013 15:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyanın Tatarıstan Respublikası baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində bu gün Bakı Biznes Mərkəzində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev R.Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdən əvvəl Tatarıstan nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olub. Ş.Mustafayev qonaqlara Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Görüşdə Ş.Mustafayev Azərbaycanın Rusiya, o cümlədən Tatarıstanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında əlaqələr siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla davam edir və əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb, indiyədək 160-dan çox, o cümlədən iqtisadi sahədə 30-dan artıq sənəd imzalanıb. Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın indiyədək 13 iclası keçirilib.

Rusiya Azərbaycanın qeyri-neft sektoru sahəsində başlıca ticarət tərəfdaşlarındandır. Bu ilin on ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 22% artıb. Ş.Mustafayev bildirib ki, bu gün Azərbaycan Rusiyanın 83 federal subyektindən 72-si ilə, həmçinin Tatarıstan ilə uğurlu əməkdaşlıq edir. Son 3 ildə Azərbaycan və Rusiyanın subyektləri arasında 13 biznes-forum keçirilib. Bildirilib ki, Azərbaycan və Tatarıstan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan və Tatarıstan arasında Hökumətlərarası Komissiya fəaliyyət göstərir, parlamentlərarası əməkdaşlıq uğurla davam edir.

Ş.Mustafayev Azərbaycan və Tatarıstan arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət əlaqələrinin inkişafı, sənaye parkları sahəsində təcrübə mübadiləsi, biznes forum və sərgilərin təşkili sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Rusiyanın Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri R.Zaripov Rusiyanın digər subyektləri kimi, Tatarıstanın da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkəmizdəki dinamik iqtisadi inkişafdan məmnunluğunu ifadə edib.

Tatarıstan iqtisadiyyatı barədə məlumat verən R.Zaripov hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməklə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edib. R.Zaripov dekabrın 4-də keçiriləcək Azərbaycan-Tatarıstan işgüzar görüşünün iş adamları arasında əlaqələrin qurulmasında və mövcud əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.

Görüşdə iştirak edən Tatarıstan şirkətləri fəaliyyətləri barədə məlumat verib, Azərbaycandakı dinamik iqtisadi inkişafdan, iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühitindən məmnunluqlarını bildiriblər.

Azərbaycana səfər çərçivəsində Tatarıstan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək. R.Zaripovun Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov, energetika naziri Natiq Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat nazirinin müavini Musa Pənahov, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşləri baş tutacaq. Görüşlər zamanı Azərbaycan və Tatarıstan arasında neft-kimya və maşınqayırma sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bundan başqa, Azərbaycana səfər çərçivəsində Tatarıstan nümayəndə heyəti Səngəçal Neft Terminalı və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaq.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Tatarıstan arasında ticarət dövriyyəsinin həcmi 160,5 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR