Bakıda Xəzər Texniki Təlim Mərkəzinin 10 illik yubileyi qeyd edilib

Bakıda Xəzər Texniki Təlim Mərkəzinin 10 illik yubileyi qeyd edilib
# 27 may 2014 16:14 (UTC +04:00)

Bakı, Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda “BP-Azerbaijan” şirkəti tərəfindən Xəzər Texniki Təlim Mərkəzinin (XTTM) 10 illik yubileyi ilə bağlı tədbir təşkil edilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, XTTM 10 il ərzində gündəlik əməliyyatların yüksək səviyyəli yerli texniklərlə təmin etmiş çox lazımlı bir təlim mərkəzidir: “Bu texniklər bizim qurğularımızı təhlükəsiz və səmərəli idarə edirlər. Mərkəz həm də Azərbaycandakı əməliyyatlarımıza cəlb olunmuş işçi qüvvəsində milli kadrların artırılması ilə bağlı planlarımıza da əhəmiyyətli töhfə verib”.

O qeyd edib ki, bu günə qədər təlim mərkəzində 900 nəfərdən artıq texnik təlim keçərək yüksək səviyyəli mütəxəssis kimi yetişib: “Onlar beynəlxalq təlim standartlarına uyğunlaşıblar. Mərkəzin məzunları əməliyyatların onurğa sütunudur və işimizə böyük töhfə verirlər”.

Q.Birrell deyib ki, BP kadrların milliləşdirilməsi ilə bağlı yeni plan hazırlayıb: “Bu şirkətin 2800-ə yaxın əməkdaşı var və 85 faizi milli kadrlardır. 2018-ci ilə qədər bu rəqəm 90 faizə çatdırılacaq. BP Azərbaycandakı əməliyyatlarını və layihələrini genişləndirdikcə, bu təlim mərkəzi fəaliyyətini davam etdirəcək”.

Qeyd edək ki, XTTM 2004-cü ilin may ayında BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları tərəfindən açılıb. XTTM Xəzər regionunda BP-nin əməliyyatçısı olduğu bütün layihələrin texniki ixtisaslı işçi heyətinə olan tələbatı ödəmək üçün yaradılmış dünya səviyyəli mərkəzdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR