Azərbaycan şirkətləri «Beynəlxalq Yaşıl Həftə - 2014» sərgisində iştirak edəcək

Azərbaycan şirkətləri «Beynəlxalq Yaşıl Həftə - 2014» sərgisində iştirak edəcək
# 15 yanvar 2014 14:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Yanvarın 17-26-da Berlində (Almaniya) qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi «Beynəlxalq Yaşıl Həftə - 2014» sərgisi keçiriləcək.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu il Azərbaycanın 7-ci dəfə iştirak edəcəyi sərgidə ölkəmiz aqrar-sənaye və turizm sahəsində fəaliyyət göstərən 9 şirkətlə təmsil olunacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 100-dən çox çeşiddə kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdiriləcək. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar və disklər paylanacaq. Sərginin Azərbaycana aid pavilyonunda Naxçıvan Muxtar Respublikası üçün ayrılmış stenddə Naxçıvanda fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş etdiriləcək.

Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan «Beynəlxalq Yaşıl Həftə» 1926-cı ildən keçirilir. Hər il 70-dən çox ölkədən 1500-dən çox müəssisə və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yüz minlərlə insan tərəfindən ziyarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR