Energetika Nazirliyi texniki komitələrin yaradılmasını planlaşdırır

Energetika Nazirliyi texniki komitələrin yaradılmasını planlaşdırır
# 03 aprel 2014 08:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanın Energetika Nazirliyində Böyük Britaniya Standartlar İnstitutunun (BSİ) beynəlxalq layihələr bölməsinin rəhbəri Vladimir Yakubov ilə görüş keçirilmişdir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumat görə, görüşdə İNOGATE proqramı çərçivəsində neft-qaz və elektroenergetika sektorlarında standartların uyğunlaşdırılması sahəsində ötən illər ərzində görülmüş işlərin nəticələri müzakirə edilib.

Qeyd olunub ki, həyata keçirilən layihələr çərçivəsində iştirakçı ölkələrdə tətbiq olunan standartların vəziyyəti öyrənilmiş, onların uyğun və fərqli cəhətləri, eləcə də birinci növbədə tətbiq edilməsi məqsədəuyğun olan standartların siyahısı müəyyənləşdirilib.

Bildirilib ki, ötən müddətdə maraqlı dövlətlərin neft və qaz sahəsində fəaliyyət göstərən obyektlərində tədqiqatlar aparılmış, bu ölkələrdə standartlaşma, metrologiya və akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın vəziyyəti təhlil edilib. Layihə ekspertlərinin və aidiyyəti qurumların nümayəndələrinin apardıqları müzakirələr nəticəsində dövlət və sahə standartlarının, standartlaşdırma üzrə normativ sənədlərin işlənməsi, razılaşdırılması və təsdiqə hazırlanması məqsədilə Energetika Nazirliyinin nəzdində standartlaşdırma üzrə texniki komitələrin yaradılması təklifi irəli sürülüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR