Bakının 5 rayonu üzrə daşınmaz əmlakın elektron kadastr xəritəsi tərtib olunacaq

Bakının 5 rayonu üzrə daşınmaz əmlakın elektron kadastr xəritəsi tərtib olunacaq
# 28 mart 2014 09:31 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin satın alınmasına dair açıq tender elan olunub. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.

Tenderdə inventarlaşdırma və rəqəmsal kadastr xəritələrinin tərtibi, Coğrafi İnformasiya Sisteminin tətbiqi və idarə edilməsi, geodeziya, fotoqrammetriya və daşınmaz əmlakın kadastrı, rəqəmsal məlumat bazasının idarə edilməsi və rəqəmsal məkan məlumatlarının çatdırılması sahələrində 5 illik iş təcrübəsi olan, müasir geodeziya avadanlıqları, fotoqrammetriya avadanlığı və qrafiki çöl kompüter dəstindən istifadə etməyi bacaran işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti,31 (Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi) ünvanından ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) aprelin 29-dək, tender təklifini və tender təklifinin bank təminatını isə mayın 8-dək təqdim etməlidir.

İddiaçıların təklifləri mayın 12-də açılacaq. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR