“Güvən” qəzetinin sahibi İsmail Aras: “İğdırı xilas etməyin tək yolu var” - VİDEO

 “Güvən” qəzetinin sahibi İsmail Aras: “İğdırı xilas etməyin tək yolu var” - <span style="color: red;">VİDEO
# 06 may 2014 12:53 (UTC +04:00)

İsmayıl Aras - 1960-cı ildə İğdırın Qaraqoyunlu rayonunda anadan olub. 1987-ci ildən İğdırda nəşr olunan “Güvən” qəzetinin sahibi və baş redaktorudur. 1987-2000-ci illərdə “Anadolu” agentliyinin, 1993-2010-cu illərdə “İhlas” Xəbər Agentliyinin İğdır vilayəti üzrə təmsilçisi olub. Jurnalistlik fəaliyyəti dövründə bir çox diplom və fəxri fərmanla mükafatlandırılıb. 2005-ci ildə İğdır Ticarət Birjası Məclisinin sədri, 2009-ci ildə keçirilən seçkilərdə isə bu qurumun rəhbəri seçilib. Azərbaycan-Türkiyə münasibətlərinə dair yüzlərlə məqalənin müəllifidir. Evlidir, iki övladı var.

- İğdırda bələdiyyə seçkilərinin nəticələri Türkiyədə olduğu kimi, Azərbaycanda da təəssüflə qarşılandı. Azərbaycanlılar seçkilərdə məğlub oldular. Kim və niyə uduzdu?

- Azərbaycanın ürəyi burada döyündüyü kimi, soydaşlarımız İğdırla, burada bələdiyyə seçkilərinin nəticələri ilə maraqlandığı kimi, iğdırlılar da Azərbaycanla maraqlanır. Azərbaycanın yaxşı günü bizim də yaxşı günümüzdür, inşallah olmaz, amma pis günü də pis günümüzdür. İğdırda Azərbaycan türklərinin sayı gündən-günə azalır. Səbəb sadədir, bizim insanlarımız daha mədənidir, uşaqlarını oxutmaq, təhsil vermək istəyirlər. Ona görə də az uşaq dünyaya gətirirlər. İğdırda yaşayan kürdlər isə belə şeylərə önəm vermir. Burada hətta 10-15 uşağı olan ailələr var. Normalda onların 11-12, azərbaycanlıların isə 1-2 uşağı olur. Bu səbəbdən 20 il bundan əvvəl kürd əhalinin sayı 8-10 faiz idisə, indi 50 faizə yaxınlaşıb. Hazırda İğdır əhalisinin 55 faizini türklər, 45 faizini isə kürdlər təşkil edir. Son bələdiyyə seçkilərdə azərbaycanlılar MHP namizədinə səs verdilər. AKP isə 10 faiz, yəni 4500 səs topladı. Bu səsin də iki mindən artığını azərbaycanlı seçicilərdən aldı. Seçkiləri az bir fərqlə uduzduq. Səbəb isə namizədin düzgün müəyyən olunmaması idi. MHP İğdırda seçilə biləcək bir namizəd irəli sürə bilmədi. Ankaradan gələn, İğdırı tanımayan, kiminlə hərəkət edəcəyini bilməyən bir namizəd olarsa, əlbəttə ki seçkiləri uduzar. Azərbaycanlılar seçkiləri uduzduqlarına görə çox üzgündür. Səbəb axtarırlar ki, seçkiləri niyə uduzduq? Hamı düşünür ki, bu seçkilərdə ən azı 2-3 min səs fərqi ilə qalib gəlməli idik. Hətta bu qələbəni “çantadakı kəklik” hesab edirdilər. Amma namizəd seçimi uğursuz idi, yerli əhalini, insanları tanımırdı, xalqa necə təsir edə biləcəyini bilmirdi. Düşündü ki, onsuz da qalib gələcəyəm, səs almaq üçün heç kimin qapısına getmədi. Küskün olan, inciyən, namizədin Bələdiyyə Məclisinin siyahısına daxil olmaq istəyən, lakin siyahıda yer almayanlar narazı qaldı və bir çox azərbaycanlı MHP namizədinə səs vermədi. Bu səbəbdən azərbaycanlılar seçkiləri çox az səs fərqi ilə uduzdu.

- Seçki kampaniyasının təşkili təkcə namizəddən asılı məsələ deyil. Partiyanın yerli təşkilatı, nüfuzlu şəxslər də kampaniyaya dəstək verməli idi...

- MHP İğdır təşkilatı da namizəd Gündüz Günəşi düzgün dəstəkləmədi. Partiyanın Ali Məclisində təmsil olunan insan belə ona dəstək vermədi. MHP İğdır millət vəkili də həmçinin. Birləşərək birgə iş aparılmadığı üçün təəssüf ki, seçkiləri uduzdular və insanları üzdülər. Bizim Ərzurumda 1000-ə qədər tələbəmiz var. Onlardan neçəsi İğdıra gəlib səsvermədə iştirak etdi? Onlar tələbədir, İğdıra gəlib qayıtmağa imkanları yoxdur. Ailənin də imkanı yoxdur, bir tələbin güclə oxudur. Ankarada, İstanbulda, Trabzonda, Samsunda, İzmirdə iğdırlı tələbələr var. Mən İğdırlı tələbələrin ən çox olduğu şəhərləri sayıram. Bunları seçki günü İğdıra gətirə biləcək, səsvermədə iştirakını təmin edə biləcək güclü bir insan lazımdır. İğdırda kürdlər BDP-yə, azərbaycanlılar MHP-yə səs verdi. Nəticə göz qabağındadır. 2009-cu ildə Nurəddin Aras AKP-dən bələdiyyə başqanı postuna namizəd oldu, o zaman azərbaycanlı seçicilərin səsləri bölündü. Ona görə məğlub oldular. Əslində Nurəddin Aras azərbaycanlının hər gün zəiflədiyini, qan itirdiyini, iqtisadi cəhətdən gücdən düşdüyünü görürdü. Çünki iqtidarla olmayan qrup hər zaman zəif olur. Nurəddin Aras bu gerçəyi görürdü. Ona görə də dedi ki, iqtidar partiyasına keçir və hakim partiyanın namizədi kimi seçkilərdə qalib gələrsə, millətini daha çox gücləndirər. Amma bunu anlamadılar, iğdırla bağlılığı olmayanlar MHP ilə birləşib, Nurəddin Arası yıxmağa çalışdılar, onu siyasətdən uzaqlaşdırmağa çalışırdılar. Düşünürdülər ki, bəlkə növbə bizə çata. İğdırdan 2 millət vəkili seçilir. Bu mandatlardan birini BDP alır. O mandatı BDP-nin əlindən heç kim ala bilməz. Digər mandatı isə azərbaycanlı namizəd qazana bilər. MHP-dən azərbaycanlı millət vəkili var, amma o hansı azərbaycanlının işinə yaradı? Mən də MHP-yə dəstək vermişəm. Amma seçilmiş deputat hansı azərbaycanlının arxasında dura bilib? Təəssüf ki, vəziyyət bu şəkildə davam edərsə, biz günbəgün daha da gücdən düşəcəyik və gün gələcək, namizəd belə irəli sürə bilməyəcəyik.

- Müxalif partiyadan olan millət vəkilinin İğdırdan azərbaycanlıların kütləvi şəkildə köçünün qarşısını almağa heç bir təsiri yoxdur. Hazırda şəhərdə belə bir fikir hakimdir ki, iqtidar partiyasından deputat seçmək lazımdır. Amma iqtidarın da irəli sürdüyü namizədlər də azərbaycanlı deyil...

- 2009-cu ildə Nurəddin Aras MHP-dən ayrıldı, iqtidar partiyasına keçərək AKP-dən bələdiyyə başqanlığına namizəd oldu. Dedi ki, bu seçkilərdə qalib gəlsəm, AKP İğdır təşkilatına sədrliyi də ələ keçirəcəyəm və hakim partiyadan millət vəkilliyinə azərbaycanlı namizəd irəli sürəcəyəm. İqtidar İğdırda güclənəcək, mən də millətimin arxasında duracağam". Onun məqsədi bu idi. Yoxsa o niyə partiyanı tərk etməli idi? Baxdı ki, İğdır hər gün güc itirir. Bu işin başında olmayan adam nə baş verdiyini anlaya bilməz. Tutaq ki, xəstəxanada 300 nəfər işləyir. Onu yalnız 10 nəfəri azərbaycanlıdır. Çünki iqtidar partiyası ilə bərabər olmayanda, heç kimi işə götürməzlər. Nurəddin Aras bunu düşünərək, insanların arxasında durmaq, gələcəklərini qarantiya altına almaq üçün bu addımı atdı. İğdırda yaşayan azərbaycanlılardan iki dəfə artığı kənarda yaşayır. İstanbulda çoxlu azərbaycanlılar var. Ankarada, Bursada, İzmirdə, Turqutluda çoxlu azərbaycanlı yaşayır. Orada məscidləri, dərnəkləri var. İndi biz seçkiləri uduzmuşuq, amma kim gedib o dərnəklərdə öz dərdini danışıb və ya təklif edib ki, gəlin birləşək, seçkilərdə İğdırı seçək. Bu 6 ay əvvəldən edilməli idi. Başqa şəhərlərdə yaşayan insanların burada evləri var. Adamlar gəlib desə ki, mən İğdırda səs verəcəyəm, buna heç kim mane ola bilməz. Hətta Türkiyə qanunlarına görə, qeydiyyat üçün ikinci ünvan göstərə bilər və iki daimi ünvanından birində səs verə bilərsən.

Düzdür, biz seçkiləri uduzduq, amma çox da ümidsizliyə qapılmaq lazım deyil. Ümidsizlikdən çıxmaq üçün ortada dediklərimi edə biləcək iqtisadi və psixoloji cəhətdən hazır bir insan olmalıdır. Azərbaycanlıların İğdırda gücünü bərpa edə biləcək şəxs həm də iqtisadi cəhətdən gücü olmalıdır. İqtisadi imkanları olmalıdır ki, sabah seçki keçiriləndə İstanbuldan 1000-2000 seçicini İğdıra gətirə bilsin. Bəs, bu şəxs kim ola bilər? Nurəddin Aras. Çünki o 2004-cü il seçkilərində bu işi gördü. Həm də hamının gözü qarşısında. İğdırda qalan bir adam, buranı tanıyan adam namizəd olarsa, və iqtidar partiyasından seçilərsə, iqtidar da AKP İğdır təşkilatını azərbaycanlıya verərsə, birincisi, millət vəkilliyi qarantiya altına alınacaq və bələdiyyə sədrliyini də qazanacağıq.

- Nurəddin Arasın AKP İğdır təşkilatının sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi azərbaycanlıları bir qədər ruhlandırıb. Bu məsələdə hansısa yenilik varmı?

- Mən jurnalistəm və xalqın qabağına düşüb həqiqəti söyləməliyəm. Əgər Nurəddin Arasın bu gün İğdırı xilas etməyə gücü olmasa və mən yox, mütləq bu adama dəstək verməliyik desəm, bu millətin günahını almış olaram. 2009-cu ildə Nurəddin Arası səsləri parçalamaqda günahlandırdılar. Amma mən dedim ki, onun iqtidar partiyasına keçməsinin bir səbəbi vardı. Səbəb bu millətə sahib olmaq, gücləndirmək, arxasında durmaq idi. Millət bunu anlaya bilmədi. 2011-ci ildə iqtidar partiyası ona dedi ki, birinci sıradan namizəd ol, səni millət vəkili seçək, amma sonra onun adını siyahıda ikinci göstərdi. Sonra MHP bir namizəd irəli sürdü, Nurəddin Aras da çəkilib yerində oturdu. Bu il keçirilən seçkilərdə Nurəddin Arası sevənlərin, dəstəkləyənlərin hamısı MHP-yə səs verdi. Səbəb də azərbaycanlıların birlik, bərabərlik içərisində olmasıdır. Amma seçkini uda bilmədilər. 31 martdan sonra mənə zənglər gəlməyə başladı ki, Nurəddin Arasa sənin sözün keçir, xahiş elə, getsin İğdır vilayət təşkilatının sədrliyinə namizəd olsun. Sonra 2015-ci ildə də millət vəkili seçkilərində namizəd olsun, onu dəstəkləyəcəyik. Bizim nicatımız Nurəddin Arasdır. Nurəddin Aras da dedi ki, 2009-cu ildə səs vermədiniz, seçkilərdə məğlub oldum. Mən də bir vətəndaşam, işim-gücüm var. Ailəm də dədə-babadan zəngin insanlardır. Sağlığım yerində, işim-gücüm yerindədir. Özümü belə rahat hiss edirəm. Azərbaycanlılar dedilər ki, yox, səndən başqa qurtuluş yolumuz yoxdur. İqtidar partiyası keçmişinə baxıb sədrliyi sənə verəcək. Biz Nurəddin Arasla birlikdə Ankaraya getdik. Ankarada iqtidar partiyasının rəhbər orqanlarına müraciət etdik. Dərdimizi anlatdıq, dedik ki, bizi bura millət göndərib. Əgər AKP-nin İğdır təşkilatını bizə verin, AKP-nin Türkiyədə dəstəyinin artmasına rəğmən partiyanı iğdırda gülünc vəziyyətə salanların əlindən təşkilatı alıb bizə verin. Biz bu partiyanı İğdırda yüksək səviyyəyə qaldıraq. Nurəddin Aras özü ilə bağlı məlumatları onlara verdi. Onlar da məlumatları dəyərləndirəcəklərini, araşdırma aparacaqlarını dedilər. Ümidimiz çoxdur. Böyük ehtimalla vilayət təşkilatına sədrliyi alacağımızı düşünürük. Çünki Nurəddin Aras sədr olacağı təqdirdə, AKP İğdırda millət vəkili mandatı qazana bilər, gələcəkdə bələdiyyə sədri postunu da qazana bilər. Əks təqdirdə iğdırlılar yeni eyni taleyi yaşamaq məcburiyyətində qalacaqlar.

- Nurəddin Arasın AKP İğdır təşkilatına sədr seçilməsi vilayətdə nəyi dəyişdirəcək?

- Şəhərdə iqtidar partiyası qalib gəlmədikdə bura diqqət göstərilmir, sərmayə yatırılmır. Heç kəs də deyə bilmir ki, İğdırın buna ehtiyacı var, bunu ona verin. AKP İğdır təşkilatının rəhbərliyi özü üçün çalışır, millət veclərinə deyil. Ona görə də seçkilərdə cəmi 4500 səs aldılar. Təşkilat millət üçün çalışsaydı, 4 min səs almazdı. Mən AKP yerli təşkilatının sədri olsaydım, oturub, heç bir iş görməsəydim, desəydim ki, AKP-nin namizədi mənəm, 4500 səs alardım. Başqaları 20 min səs qazanır, bunlar 4500. Bu, necə olur? Seçkilərdən əvvəl 7 min nəfərə sosial yardım paketi paylamısan. İş-Kur adlı qurumun xətti ilə 1700 nəfəri işlə təmin etmisən. 7 min paket və 1700 nəfər. Sosial yardım ayırdığın 7 min nəfərin ailəsindən iki nəfər səs versə, 14 min səs edir. 1700 işçinin hər biri həyat yoldaşı ilə birlikdə səs verərsə, 3500 səs edir. Kimisə məmur etmisən, müdir etmisən, vəzifə vermisən. Onların səsinə ehtiyac olmadan bu seçkini qazana bilərsən. Bəs, niyə qazanmadın, 4500 səs aldın? Çünki sən orada partiya işi görməmisən. Sən orada BDP-yə çalışmısan. Bu cür iqtidar partiyası olmur. İqtidar partiyanın gücü var, gücündən istifadə etməlisən. O 7 min sosial yardım paketi Nurəddin Arasa verilsəydi, yardım paketlərini o paylasaydı, üstəlik öz ailəsinin imkanlarından istifadə etsəydi, 25 min səs alardı.

İğdırın su, kanalizasiya, təbii qaz problemi var. Təbii qaz xətti 5 ildir şəhərin kənarında gözləyir. İqtidar qalib gəlsə, şəhərə qaz çəkilməsində problem olmayacaq. Biz burada həqiqətən insan kimi, mədəni şəkildə yaşamaq istəyiriksə, Türkiyədə ən pis hava İğdırdadır, çökəkdir deyə duman çökür, soyuq hava kütləsindən xilas ola bilmirik. Bu il İğdırda 20 günə yaxın -18 dərəcə soyuq oldu. Bizi bu problemlərdən kim qurtaracaq? MHP, BDP qurtara bilərmi? Bizi yalnız iqtidar xilas edə bilər. Ona görə də biz iqtidarın ayağına getdik. İndi də nəticəni gözləyirik. Dedik ki, biz iqtidar olmağa iddialıyıq, İğdırda AKP-nin mövqeyini gücləndirəcəyik. Seçkilərə hələ bir il var. AKP vilayət sədrliyini Nurəddin Arasa verin, əgər biz bir il ərzində Nurəddin Arası millət vəkili olaraq Ankaraya göndərməsək, sədrliyi bizdən alıb, yenə başqalarına verin. 10-12 ildir sədrlik onlardadır. İndi bizə verin, biz sizə millət vəkili göndərək. 5 il sonra da bələdiyyə sədrliyi üçün mübarizə aparaq. Bu plan həyata keçərsə, İğdırda insanların rifahı yüksələcək. Mən bir jurnalist olaraq bunları deyirəm. Sözümün də arxasında dururam.

- İğdırın hər bir sevinci, kədəri Azərbaycanla bağlıdır. Azərbaycanla əlaqələr vaxtilə yüksək səviyyədə olsa da, hazırda bir qədər soyuqlaşıb. Bunun səbəbi nədir?

- Azərbaycanla sərhəd açıldıqdan sonra 1999-cu ilə kimi münasibətlər çox yüksək olmasa da, müəyyən bir səviyyədə irəlilədi. Bizim bir bələdiyyə başqanımız var idi - Ələsgər Aşırım. Onun dövründə də gediş-gəliş var idi, amma münasibətlər çox inkişaf etməmişdi. 1999-cu ildə Nurəddin Aras bələdiyyə başqanı olduqdan sonra münasibətlər günbəgün inkişaf etməyə başladı. O bələdiyyə sədri kimi çoxlu görüşlər təşkil etdi. 10 il ərzində Nurəddin Aras Naxçıvanın bütün rəsmi şəxsləri dövlətin bir rəsmi şəxsi kimi görüşüb, münasibətləri ən yüksək səviyyəyə çatdırdı. Ali Məclisin sədri Vasif Talıbovla, prezident ilham Əliyevlə görüşdü. 2009-cu ildə seçkiləri uduzduqdan sonra, BDP bu əlaqələri dayandırdı. Daha sonra bura təyin olunan valilər baxımından sanki bir şanssızlıq oldu. Əhməd Pek adlı bir şəxs iki ilə yaxın İğdırda vali oldu. İki il ərzində Naxçıvan Ali Məclisinin sədri ilə bir dəfə də olsun görüşmədi. Belə şey olarmı? Bu nə deməkdir? O deməkdir ki, Naxçıvanla əlaqələr qurmayaq. O vali iğdırlının heç bir zaman görmədiyi məzhəbçilik məsələsini ortaya atdı. 60-a yaxın yaşım var, indiyə kimi burada məzhəb məsələsinin müzakirə edildiyini xatırlamıram. Hər kəs öz inancına görə məscidə gedər, namaz qılar. İğdır müftisi bir hesabat hazırladı, azərbaycanlıların məzhəbləri təhqir edildi. Kərbəlaya gedən gəcləri saxlayaraq, agent deyə istintaqa cəlb etdilər. Mən həmişə deyirəm, buradakı Azərbaycan türkləri buradakı bayrağı hər kəsdən çox sevər. Türkiyə dövlətini hər kəsdən çox sevir və hər kəsdən çox bu dövlətə bağlıdır. Sən hansı vicdanla yalançı hesabat hazırlayıb, nazirliyə, Din Nazirliyinə göndərirsən? Düşünmürsünüz ki, bu hesabat ortaya çıxar, xalq ayağa qalxar, yürüş edər? İnşallah, biz bunların da öhdəsindən gələcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR