Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevə həsr olunmuş kitabın təqdimatı keçirilib
# 20 iyun 2013 12:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Əməkdar jurnalist, mayor İbrahim Rüstəmovun Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin həyat və döyüş yolundan bəhs edən “Sərkərdə” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabın redaktoru, Ş. Mirzəyevin əsgəri olmuş Rey Kərimoğlu kitabın müəllifi haqqında danışaraq bildirib ki, Qarabağ döyüşlərində jurnalist kimi iştirak etmiş, həmin döyüşlərin şahidi olmuş nadir insanlardan biri də kitabın müəllifi İbrahim İbadoğludur. O, kitabda Qarabağ döyüşlərinə dair çox maraqlı faktların yer aldığını söyləyib.

Millət vəkili Qənirə Paşayeva deyib ki, milli qəhrəmanın döyüş yoluna həsr olunmuş kitabın çap olunması çox sevindirici haldır və gənclər bu cür əsərlərdən örnək götürməlidirlər: “Bu cür kitablara bizim çox böyük ehtiyacımız var. Çünki müharibədən sonra 20 yaşlı bir nəsil böyüyüb və o nəsil müharibəni görməyib. Bu cür kitablar onlara o dövrü yaşatmaq, millət yolunda fədakarlıq etmiş insanları tanıtmaq üçün önəmlidir. Şirin Mirzəyev də daxil olmaqla, milli qəhrəmanlar sözün əsl mənasında əməldə vətəni sevənlərdir. Gənclərimiz Şirin Mirzəyev başda olmaqla, həmin şəxslərdən örnək götürməlidirlər. Çünki hələ torpaqlarımız işğal altındadır və belə bir şəraitdə milli qəhrəmanların tanınmasına, təbliğinə böyük ehtiyac var”.

Ş. Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova da kitabın çox əhəmiyyətli olduğunu vurğulayıb: “Kitabın xüsusilə gənclərimizə böyük faydası olacaq. Hələ çox şirin mirzəyevlər yetişməlidir ki, xalqımız Qarabağı azad edə bilsin. Məncə, Şirin Mirzəyev çox xoşbəxt adamdır ki, xalq onu unutmayıb”.

F. Qasımova qəhrəman barədə xatirələrini də danışıb: “Biz onunla bir sinifdə oxumuşduq. Həm döyüşçü, həm ailə başçısı kimi gözəl insan idi. Döyüş yoldaşları bilir ki, o daim əsgərlərinə diqqət və qayğı göstərib. Onun ən böyük arzusu Azərbaycan ordusunun yaranması idi. Bu gün artıq Azərbaycan ordusu yaranıb və Cənubi Qafqazın ən güclü ordusudur”.

Kitabın müəllifi İbrahim Rüstəmov isə bəyan edib ki, Şirin Mirzəyev onu tanıyan insanların ürəyində hər zaman yaşayacaq. O, kitabın ilk nüsxəsini qəhrəmanın məzarı başında ona “təqdim etdiyini” söyləyib: “Orada Şirin Mirzəyevə ürək sözlərimi dedim. Ümid edirəm ki, onun haqqında hələ çox kitablar yazılacaq”.

Sonra milli qəhrəmanın döyüş yoldaşları onun barəsində xatirələrini danışıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR