Azərbaycan Çikaqoda keçirilən İpək Yolu Konfransında iştirak edib

Azərbaycan Çikaqoda keçirilən İpək Yolu Konfransında iştirak edib
# 19 may 2014 06:58 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Mərkəzi və Cənubi Asiya ölkələrinin, eləcə də Azərbaycan və Türkiyənin biznes və diplomatik dairələrinin, habelə ABŞ Dövlət Departamentinin və Müdafiə Daşımaları Agentliyinin (Defence Logistic Agency) nümayəndələri də iştirak ediblər.

Azərbaycan tərəfindən tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Natiq Baxışov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov, Naxçıvan Dövlət Universitetinin professoru Elbrus İsayev və azərbaycanlı iş adamı Bəsrəd Paşayev iştirak edib.

ABŞ Dövlət Departamentinin regional məsələlərə məsul əməkdaşı Corc Təq və Müdafiə Daşımaları Agentliyinin nümayəndəsi polkovnik Emili Bakman çıxış edərək, indiyədək Əfqanıstandakı ABŞ və müttəfiq qoşunlarının təminatını həyata keçirən Şimal Təchizat Şəbəkəsinin (Northern Distribution Network) iqtisadi komponentlərinin artırılaraq onun gələcəkdə ölkələrin ticari və iqtisadi əlaqələrinin təşviq edilməsi üçün istifadə edilə biləcəyini qeyd ediblər. Bunun üçün ölkələr arasında regional infrastrukturun yaradılması, habelə yükdaşımaların zaman və keyfiyyət baxımından daha da inkişaf etdirilməsi üçün ölkələr arasında gömrük prosedurlarının rahatlaşdırılması istiqamətində işlərin davam etdirilməli olduğu vurğulanıb. ABŞ Dövlət Departamentinin rəsmisi bu baxımdan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük prosedurlarının rahatlaşdırılmasını nəzərdə tutan “Silk Wind” layihəsini təqdir edib, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi N.Baxışov çıxış edərək, Azərbaycanın müstəqilliyini əldə etməsindən bəri keçdiyi iqtisadi inkişaf yolu, ölkənin bu sahədəki uğurları, habelə regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri barədə danışıb. Azərbaycanın tarixən beynəlxalq enerji təhlükəsizliyi və təchizatında xüsusi rolunun olduğunu qeyd edən çıxışçı, Bakı-Tbilisi-Ceyhan və digər neft kəmərləri, eləcə də Avropa bazarlarına yeni həcmdə qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi barədə məlumat verib. Eyni zamanda Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki rolu barədə danışılıb.

N.Baxışov və Müdafiə Daşımaları Agentliyinin nümayəndəsi E.Bakman çıxışları zamanı “SilkWay Airlines”-ın Əfqanıstana daşımalarda oynadığı rolu vurğulayıblar.

Azpromo-nun ABŞ-dakı nümayəndəsi E.Baloğlanov öz çıxışında Azərbaycanın qeyri-neft məhsullarının, xüsusilə qida, meyvə şirəsi və spirtli içkilərinin ixrac qabiliyyətindən və bu sahədə Azpromo vasitəsilə Azərbaycan hökuməti tərəfindən ABŞ idxalçı və distribütorlarına təklif olunan güzəştlərdən istifadə etməyə çağırıb. Eyni zamanda o, Azərbaycanda investisiya mühiti, turizm və informasiya texnologiyaları sahəsində aparılan işlər barədə məlumat verib, həmçinin xarici investorlar üçün Sumqayıt Kimya Sənaye Parkı və Yüksək Texnologiyalar Parkının imkanlarından istifadə etməyə dəvət edib.

Naxçıvan Dövlət Universitetinin professoru E.İsayev İpək Yolunun qədim və müasir tarixlərindən məlumat verib, Naxçıvanın bu yolda oynadığı əhəmiyyətli roldan danışıb.

Çikaqo şəhərinə səfər çərçivəsində Azərbaycan Səfirliyinin əməkdaşı və Azpromo nümayəndəsinin Şimali İllinoys Universitetinin rəhbərliyi ilə görüşü baş tutub. Görüş zamanı Azərbaycanın təhsil müəssisələri, o cümlədən ADA Universiteti və Bakı Ali Neft Məktəbi barədə məlumatlar verilib.

Qeyd edək ki, Çikaqoda fəaliyyət göstərən Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin (Central Asia Productivity Research Center, CAPRC) təşkilatçılığı keçirilmiş İpək Yolu Konfransı “SilkWay Airlines” və AZPROMO-nun əsas maliyyə dəstəyi ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR